Tofiq Zülfüqarovdan ingilis generalın planına reaksiya: "Bunun üçün bir neçə il lazımdır"
Britaniya Silahlı Qüvvələri Baş Qərargahının yeni rəhbəri, general Patrik Sanders ölkəni Avropanı müharibəyə hazırlamağa və Rusiyanı məğlub etməyə qadir ordu yaratmağa çağırıb.
Sandersin fikrincə, Rusiyanın Ukraynaya təcavüzü Britaniya ordusunun əsas məqsədini - “quruda döyüşməyə və müharibələrə qalib gəlməyə hazır olmaqla Böyük Britaniyanı qorumaq” məqsədini önə çəkir.
Maraqlıdır, Qərb Rusiyaya qarşı ordu yaradacaqmı?
Mövzu ilə bağlı Sfera.az-a danışan sabiq xarici işlər naziri Tofiq Zülfüqarov generalın təsvir etdiyi ordunun yaradılmasının mümkün olduğunu deyib:
“Qərbdə artıq Rusiya-Ukrayna müharibəsi ilə bağlı iki cür fikir formalaşıb. Bir hissə düşünür ki, müharibə davam etməlidir. İkinci qrup isə müvəqqəti də olsa, hansısa şəkildə atəşkəsə nail olmağın lazımlılığını bildirir. Hiss olunur ki, general bu açıqlaması ilə birinci fikri dəstəkləyir. Hansı yolun seçiləcəyi isə gələcəklə bağlıdır.
Lakin bir şeyi də demək lazımdır ki, təzə ordunun yaradılması üçün ən azı bir neçə ay, hətta bir neçə il lazımdır. Mümkündür ki, NATO sammiti çərçivəsində bu cür ordunun yaradılması ilə bağlı müzakirələr aparılsın. Əsas sual odur ki, indi Ukraynanın müharibəni davam etdirmək üçün gücü qalıb, ya yox?”.
Əzizə Zeynal
Sfera.az






