\"Hətta Putin hakimiyyətdən getsə belə...\" - Politoloqdan bədbin proqnoz
Rusiya-Ukrayna savaşı başlayandan və elə ondan da qabaq, Vladimir Putinin xəstəliyi ilə bağlı dəfələrlə informasiyalar yayılıb. Müharibə dövründə isə bu proses daha da sürətlənib.
Mütəxəssislər bildirirlər ki, bunun arxasında duran əsas məqsəd Putini hakimiyyətdən uzaqlaşdırmaq arzusudur.
Maraqlıdır, Putin devrilsə və ya səhhəti ilə bağlı hakimiyyətdən uzaqlaşsa, hətta dünyasını dəyişsə, Rusiyada nə dəyişəcək? Qısa müddətdə hansısa yeniliyin şahidi ola bilərikmi?
Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Əlimusa İbrahimov deyib ki, Putin hakimiyyətdən gedərsə, yerinə böyük ehtimalla onun ətrafında olan və yüksək vəzifə tutan şəxslərdən biri keçəcək:
“Bu şəxslərin də istisnasız hamısı Putinin hazırkı daxili və xarici siyasətini dəstəkləyən şəxslərdir və onlardan hər hansı birisinin Putinin çəkdiyi layihədən kənara çıxacağına inanmıram. Rusiya prezidentinin ətrafındakılar da elə onun həyata keçirdiyi siyasəti davam etdirəcək. Sadəcə olaraq Kreml rəhbərinin ətrafından onun kimi ikinci qətiyyətli bir liderin çıxacağı gözlənilən deyil. Putindən sonra onun siyasətini davam etdirmək istəyənlər olsa da, onun kimi istədiyinə nail ola biləcək şəxslərin olması mümkünsüzdür”.
Müsahibimiz bildirib ki, Putin hakimiyyətdən gedərsə, Rusiyanın xarici siaysətində müəyyən yumşalmalar olacaq:
“Digər tərəfdən, bu siyasətin dəyişməsinə təsir edən amillər təkcə Rusiya ilə bağlı deyil. Əgər Qərb Putindən sonra da onun dövründə yeritdiyi siyasəti davam etdirəcəksə, Rusiyaya rəhbərlik edəcək şəxsin də "U" dönüşü edəcəyinə ümid etmək doğru olmazdı. Fikrimcə, indi oturub yaxın günlərdə onun bu və ya digər səbəbdən hakimiyyətdən gedəcəyinə ümid bəsləmək ağılsızlıqdır. Hazırda mövcud vəziyyətə uyğun hərəkət edərək Putini sülh danışıqlarına başlamağa razı salmaqdan başqa yol görmürəm. Bu zaman sərt və yumşaq gücdən maksimum faydalanmaq lazımdır”.
Günay Rəsulqızı
Sfera.az