Rusiya-Ukrayna müharibəsinin kökündə bu səbəb dayanır – “2008-ci ildə...”

Rusiya-Ukrayna müharibəsinin kökündə bu səbəb dayanır – “2008-ci ildə...”

Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov məqaləsində bildirib ki, Vaşinqton qlobal kənd təsərrüfatı böhranını həll etmək istəyirsə, Moskva ilə əməkdaşlıq etməli və Belarusun gübrələrinə qarşı sanksiyaları ləğv etməlidir.

 

O, dünyann bütün ölkələrində vəziyyətin yaxşılaşması üçün birgə işləməyin zərurətindən söz açıb.

 

Rusiya tərəfi bu çağırışla artıq çətinliyə məruz qaldığını açıq etiraf edir? Xüsusilə NATO sammiti ərəfəsində Rusiyanın güzəşt çağırışı nə dərəcədə effektiv ola bilər?

 

Məsələ ilə bağlı Sfera.az-a danışan politoloq Natiq Miri Rusiyanın təklifinin qəbul olunmayacağını bildirib. O, Rusiyanın bu məqalə ilə dünya dövlətlərini aldatmağa çalışdığını deyib:

 

“Rusiya səfirinin açıqlaması bir daha göstərir ki, Rusiya ənənəvi imperiya siyasətindən əl çəkmək niyyətində deyil. Qlobal səviyyədə ərzaq böhranını yaradan ölkə ABŞ və yaxud Qərb dünyası deyil. Birinci məsələ bu cür acınacaqlı vəziyyətə gətirib çıxaran səbəblərin aradan qaldırılmasıdır. Maraqlıdır ki, müharibənin nəticələrindən biri də Rusiyanın süni şəkildə yaratdığı ərzaq böhranıdır. Rusiya bununla Qərb dünyasına təsir edərək Ukrayna, Şərqi Avropada geosiyasi maraqlarını qəbul etdirməyə çalışır və dünyanı aldatdığını sanır. Bu cür absurd yalana isə heç bir ölkə inanmır. Bu cür çətin şəraitdə qlobal güclərin geri çəkiləcəyini və Rusiyaya təcavüz haqqı tanıyacağını düşünmürəm”.

 

Politoloq Rusiyanın Ukraynaya qarşı hücumuna səbəb kimi 2008-2014-cü illəri göstərib:

 

“Biz 2008-2014-cü illərdə Rusiyanın Krım və Donbassın müəyyən hissələri, Gürcüstan ərazilərini işğalına şahidlik etdik. 2022-ci il fevralın 24-ü başlanan hərbi təcavüzün kökündə dayanan səbəb Qərb dünyasının 2008-ci ildə Rusiyanın Gürcüstana hərbi müdaxiləsində ciddi dirəniş göstərməməsidir.  Ona görə də dünyanın, ABŞ-ın indi geri çəkilmək kimi şansı yoxdur. Rusiyanın indiki iddiaları qarşısında onlar geri çəkilmiş olsalar, Qərb dünyasının, ABŞ-ın hədəfində olan Çin çox yaxın zamanda Tayvana hücum edəcək. Cəzasızlıq mühiti digər cinayəti şərtləndirir.

 

Rusiya səfirinin belə məqalə ilə çıxış etməsi dünyaya, beynəlxalq birliklərə gülüşdür. Rusiyanın müxtəlif sferalarda zərər görməsini isə Rusiyanın özü də bilməkdədir. Rusiya səfirinin bu çağırışı qəbul edilməyəcək və müharibə bitənədək az itki üçün alternativlər yaradılacaq”.

 

Əzizə Zeynal 

Sfera.az


OXŞAR XƏBƏRLƏR