\"Müharibənin gedişatı fərqli məcraya yönələcək\" - NATO sammitindən GÖZLƏNTİLƏR

\

Xəbər verdiyimiz kimi, NATO-ya üzv ölkələrin dövlət və hökumət başçılarının iştirakı ilə 28-30 iyun tarixlərində Madriddə görüş keçiriləcək.

 

Sözügedən sammitdə NATO ölkələri ilə yanaşı, İsveç və Finlandiya,  Avstraliya, Yeni Zelandiya, Yaponiya və Cənubi Koreya nümayəndələri də öz iştiraklarını təsdiq edib.


Maraqlıdır, dünya güclərinin bir araya gəldiyi sammitdə hansı mühüm qərarlar alına bilər?

 


Mövzu istiqamətində Sfera.az-a danışan politoloq Məhəmməd Əsədullazadə NATO sammitində dünya nizamının dəyişəcəyinə diqqət çəkib. O, Rusiya-Ukrayna müharibəsinin gedişatının fərqli məcraya yönələcəyini vurğulayıb:

 

"Rusiya-Ukrayna müharibəsi fonunda NATO sammiti qlobal təhlükəsizlik üçün xüsusi əhəmiyyət kəsb edir. Burada dünyanın nizamının formalaşması istiqamətində yeni qərarlar qəbul ediləcək, çünki Avropanın arxitekturası pozulub. Türkiyənin Finlandiya və İsveçlə bağlı qarşıya qoyduğu haqlı tələblər yerinə yetirilməlidir. NATO-nun bu sammitdə Rusiyaya qarşı kəskin qərarları olacaq və addımlar atılacaq. Ona görə ki, Rusiyanın Ukraynaya qarşı savaşı həm də NATO-ya qarşı elan edilən bir müharibədir. Hesab edirəm ki, sammitdə alınan qərarlar Rusiya-Ukrayna müharibəsinə təsir edəcək. Xüsusilə Ukraynanın dəstəklənməsi, ona verilən silahların artırılması istiqamətində addımlar atıla bilər. Beləliklə, müharibənin növbəti gedişində Ukrayna üstünlüyü ələ ala bilər".

 

Ekspert sammitdə NATO-nun geri çəkilməsinin Rusiyanın qalibiyyəti ilə nəticələnəcəyini deyib:


"Ümumiyyətlə, artıq Qərb koalisiyası formalaşıb. Bu da Qərb-Rusiya qarşıdurması fonunda xarakterizə edilir. Türkiyə hazırda neytrallığını qorusa da, verilən qərarlarda onun da maraqları qorunmalıdır. Finlandiya və İsveç Türkiyənin istəklərini yerinə yetirərsə, Türkiyə veto haqqından istifadə etməyəcək.  Sammitdə Rusiyaya qarşı sanksiyalar paketi artırılacaq. NATO sammitdə geri çəkilərsə, bu, Rusiyanın qalibiyyəti ola bilər".


Əzizə Zeynal

Sfera.az


OXŞAR XƏBƏRLƏR