Bayden Zelenskini niyə hədəf aldı? - "Putinlə arasında gizli razılaşma var, Ukrayna bölünə bilər"
Dünən Demokratlar Partiyasının donorlarının toplantısında çıxış edən Ağ Ev rəhbəri Co Bayden ABŞ kəşfiyyatının Rusiyanın Ukraynaya hücum edəcəyi barədə bildiyini, Kiyevə xəbərdarlıq etdiyini, lakin Ukrayna Prezidenti Volodimir Zelenskinin onu eşitmək istəmədiyini deyib.
ABŞ Prezidentinin Ukrayna lideri barədə gözlənilməz açıqlaması rəsmi Kiyevin Qərb müttəfiqlərini Ukraynaya ağır silahların çatdırılmasını sürətləndirməyə ümidsiz çağırışları fonunda baş verib.
Zelenski administrasiyası bildirib ki, Rusiya qoşunları ağır artilleriya qurğularının sayına görə Ukrayna Silahlı Qüvvələrini üstələyir, Donbasda Rusiyanın hücumunu son gücü ilə saxlayan ukraynalılarda döyüş sursatları çatmır. Cəbhələrdə vəziyyəti əsaslı şəkildə dəyişdirə biləcək çoxlu raket sistemlərinin təchizatı naməlum səbəblərdən təxirə salınıb.
Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki, Baydenin sözügedən bəyanatını təsadüfi hesab etmək doğru olmaz:
“Ola bilsin, ABŞ Rusiya ilə açıq müharibənin yaxınlaşdığını hiss edir və buna getmək istəmir. Ona görə də proseslərin bu məcrəda inkişaf etdiyinə görə Zelenskini ittiham edir. İkinci bir tərəfdən, bu açıqlama gələcəkdə Ukraynanın bölünə biləcəyi ehtimalını daha da artırır. Bir çox ekspertlərin fikrincə, Rusiya ilə ABŞ arasında gizli razılaşma var. Məqsəd isə Şərqi Avropada sərhədləri dəyişmək, yeni torpaqlar ələ keçirməkdir. Əgər belədirsə, bəlkə də, artıq savaşın sonu yaxınlaşır. Bundan sonra ABŞ-ın Ukraynaya silah təchizatında azalma müşahidə olunması mümkündür. Hərçənd, əksinə - daha müasir texnikaların göndərilməsi də istisna deyil ki, bunun hansı məqsədlə olacağı da hələlik məlum deyil. Yəni əgər indiyə kimi ABŞ Ukraynaya müdafiə xarakterli silahlar verirdisə, bundan sonra Ukraynanın birbaşa Rusiyanı hədəf almasına imkan yarada və Zelenskini buna məcbur edə bilərlər”.
Müsahibimiz digər ehtimallardan da söz açıb:
“Ola bilsin, Ukrayna rəsmilərinin ABŞ-ın dəstəyinin kifayət qədər olmamasına dair bəyanatları Vaşinqtonu "incik salıb" və Bayden öz açıqlaması ilə bunu hiss etdirmək istəyib. Xatırlamaq yerinə düşər ki, müharibənin əsas səbəbi və ya, ola bilsin, bəhanəsi Ukraynanın NATO-ya üzvlük iddiası olub. Sual yaranır: əgər Bayden, həqiqətən, Kiyevi düşünürdüsə və belə bir fəlakətin baş verəcəyini bilirdisə, niyə Zelenskini fikrindən daşındırmağa çalışmırdı? Nə üçün Kiyevin Alyansa üzvlüyünə qarşı çıxmırdı? Görünür, qoca Baydenin müharibə ilə bağlı öz planları var. Çox güman ki, o, geostrateji hədəflərinə nail ola biləcək”.
Günay Rəsulqızı
Sfera.az






