Ukrayna təklifə şübhə ilə yanaşır - "Rusiya bu məsələdə Kiyevi əsaslı arqumentlərlə inandırmalıdır"
Rusiyanın "İzvestiya” nəşri iddia edir ki, Ukrayna, Rusiya və Türkiyə Odessadan taxıl yüklü Ukrayna gəmilərinin çıxarılması ilə bağlı ilkin razılıq əldə ediblər.
Məlumata görə, Ukraynanın ərazi sularında minatəmizləmə ilə Türkiyə hərbçiləri məşğul olacaq. Bununla yanaşı, türkiyəli hərbçilər gəmiləri neytral sulara qədər müşayiət edəcəklər. Burada onları Rusiya gəmiləri qarşılayaraq İstanbul boğazına qədər ötürəcək. Hələlik sxem yalnız Odessa üçün razılaşdırılıb.
"Bloomberg" agentliyi isə yazır ki, Türkiyə ilə Rusiya ilkin razılaşmaya gəlsə də, Kiyev təklifə şübhə ilə yanaşır. Ukrayna Odessa limanı ətrafının minalardan təmizlənməsinin şəhəri Rusiyanın hücumuna açıq qoya biləcəyindən ehtiyat edir.
Sfera.az xəbər verir ki, mövzu ilə bağlı açıqlama verən Politoloq Qabil Hüseynli deyib ki, Odessa ətrafı limanların minalardan təmizlənməsi bu şəhəri Kremlin potensial işğalı ilə üz-üzə qoya bilər:
“Ukrayna Odessa ətrafı limanları əbəs yerə minalanmayıb. Hər kəsə bəllidir ki, Rusiya Ukrayna müharibəsinin gedişində bu şəhəri ələ keçirmək üçün hər yola əl atır. Hərbi əməliyyatların ləng getməsi, limanların minalanması kimi faktlar Odessanı alınmaz qala halına gətirib. Odessanın işğalı təkcə Ukraynanın Qara dənizlə bağlantısını kəsməyəcək, həmçinin Besarabya bölgəsinin bütövlükdə işğalına zəmin yaradacaq.
Ukrayna tərəfinin Kremlin bu təklifinə ehtiyatla yanaşması başadüşüləndir. Rusiya faktiki olaraq beynəlxaq hüququ heçə sayaraq Ukrayna ərazilərini işğal edir. Belə bir ölkənin sözünə neçə etibar etmək olar?”.
Politolqun sözlərinə görə, Rusiya üzərinə fokuslanan beynəlxalq təzyiqi Kiyevə yönəltmək istəyir:
“Prinsip etibarilə, Rusiyanın etmək istədiyi bəllidir. Kreml quraqlıq və müharibələr səbəbindən yaşanan qida, həmçinin buğda böhranından istifadə etmək istəyir. Yəni topu rəsmi Kiyevə ataraq “baxın biz məqbul təklif edirik, ancaq onlar qəbul etmir” demək istəyir. Halbuki mövcud buğda böhranın səbəbkarı məhz Rusiyadır”.
Q. Hüseynlinin fikrincə, Ukrayna Türkiyə faktoruna görə bu təklifə isti baxa bilər, ancaq bu, Kremlin sözündə duracağı mənasına gəlmir:
“Şübhəsiz ki, istər ukraynalılar, istərsə də Prezident Volodimir Zelenski Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözlərinə etimad edir. Bu mənada Türkiyənin bu prosesdə yer alması Kiyevi kompromisə getməyə həvəsləndirə bilər. Ancaq bundan sonra Rusiya Odessaya hücum etsə, bu zaman təkcə iki ölkə münasibətləri deyil, həm də Türkiyənin beynəlxalq aləmdə nüfuzu zədələnə bilər. Buna görə də Rusiya bu məsələdə Kiyevi əsaslı arqumentlərlə inandırmalıdır”.
Turan Rzayev