“Bu Şurada azı 10 ölkə...” - Ərdoğanın təklifi qəbul ediləcəkmi?
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qərb ölkələrinin Türkiyənin BMT Təhlükəsizlik Şurasında islahatların aparılması zərurəti barədə ideyası ilə razılaşmağa başladığını bildirib. O, Qərbin yaratdığı təhlükəsizlik sisteminin çökməkdə olduğunu da deyib.
Maraqlıdır, Ərdoğanın təhlükəsizlik sisteminin çökməsi ilə bağlı açıqlaması özündə nəyi ehtiva edir? Mövcud şuraya başqa alternativ ola bilərmi?
Mövzu ətrafında Sfera.az-a danışan "Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzi"nin rəhbəri Samir Hümbətov Ərdoğanın bu xüsusda fikirlərini şərh edib. Ekspert Türkiyə dövlət başçısının NATO-nun azı 10 daimi üzvü olmasını istədiyini bildirib:
“Ərdoğan BMT-dəki çıxışı zamanı da bildirmişdi ki, dünya 5-dən böyükdür. Yəni Təhlükəsizlik Şurasının 5 daimi üzvü olmaqla iş bitmir. Hazırda isə həqiqətən də beynəlxalq münasibətlər sistemi xaotik vəziyyət alıb, çəkindirmə, tarazlaşdırma deyə bir anlayış qalmayıb. Məsələn, Rusiya Ukraynaya hücum etsə də, onun qarşısını alacaq hansısa mexanizm yoxdur, yalnız sanksiya tətbiq edilir. Lakin bu, işin tam həlli demək deyil. Ona görə də Ərdoğanın irəli sürdüyü islahat məsələsi ilə Təhlükəsizlik Şurasının yenidən formalaşdırılması, bu şurada 5 yox, 10 daimi üzvün olması məsələsini gündəmə gətirir. Eyni zamanda, bununla verilən qərarların 5 dövlət tərəfindən qəbul olunması, beynəlxalq münasibətlər sistemində natamamlıq kompleksinin aradan götürülməsini istəyir”.
Politoloq R.T.Ərdoğanın təkliflərinin müzakirəsinə başlanıla biləcəyini qeyd edib:
“Türkiyənin dünya üzrə təhlükəsizlik sistemi ilə bağlı irəli sürdüyü təkliflər həqiqətə tam şəkildə uyğundur. Çünki dünyada nəzarət mexanizmi yoxdur, terrorçu təşkilatlara dəstək verilir. Bu gün Finlandiya və İsveç NATO-ya qəbul olmaq istəyir, lakin digər tərəfdən PKK, YPG silahlı ünsürlərini maliyyələşdirməyə çalışır. Bu baxımdan Türkiyə Prezidentinin söylədiyi fikirlər, tutduğu mövqe çox vacibdir. Düşünürəm ki, bu cür misalları çox çəkmək olar. Türkiyənin təhlükəsizlik məsələləri ilə bağlı fikirləri gündəmə gələcək və onun müzakirəsi, qəbulu mümkündür”.
Əzizə Zeynal
Sfera.az






