"Ərdoğan yenə qalib gələcək" - Politoloq
Türkiyədə seçkilərə cəmi bir il qalıb. Ölkədə baş verən hadisələr, özəlliklə kəskin bahalaşmanın AKP-nin iqtidarı itirmə ehtimalını gücləndirdiyi ilə bağlı fikirlər səsləndirilir.
Maraqlıdır, Türkiyə erkən seçkilərə gedə bilərmi? Ərdoğanın qarşısında dura biləcək güclü rəqibi varmı?
Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Əlimusa İbrahimov deyib ki, bu gün təkcə Türkiyədə deyil, ABŞ-dan tutmuş, Avropa ölkələrinə kimi hər yerdə iqtisadi vəziyyət çətindir:
“Rusiya-Ukrayna savaşı iqtisadi durumu son dərəcədə pisləşdirib. Dünyada gedən proseslər fonunda Türkiyədə iqtisadi vəziyyətin çətinləşməsi də labüd və qaçılmazdır. Bu, Ərdoğan hökumətinin günahı deyil. Bu baxımdan hesab etmirəm ki, Türkiyə seçicisi bunu nəzərdən qaçıra və Ərdoğan hökumətindən üz döndərə bilər. Digər tərəfdən, bu vəziyyətdə Türkiyədə AKP iqtidarına qarşı çıxan güc varmı? Yaxud Ərdoğanla bərabər ola biləcək qüvvə varmı? Xeyr, mən bunu görmürəm”.
Müsahibimiz bildirib ki, seçkilərə hələ bir il qalıb və Türkiyədə iqtisadi vəziyyətin düzəlməsi istiqamətində addımlar atılır:
“Eyni zamanda, Türkiyə daxildə iqtisadi vəziyyətin çətinləşməsinə baxmayaraq beynəlxalq durumu daha pozitiv, sürətlidir. Bu, həmçinin daxili vəziyyətin müsbət istiqamətdə inkişaf etməsinə kömək edir. Düşünmürəm ki, Ərdoğana rəqib çıxa biləcək kimsə olsun və ya AKP hökuməti iqtisadi durumun çətinləşməsindən istifadə edərək erkən seçkilərə getsin. Əksinə fikrimcə, qalan bir müddətdən istifadə edərək Ərdoğan hökuməti ölkədə iqtisadi-sosial vəziyyəti düzəltməyə çalışacaq ki, növbəti seçkilərdə ciddi uğur qazana bilsin. Hesab edirəm ki, AKP gələn ilki seçkilərdə bəlkə də bu illərə qədər qazanmadığı bir uğura imza atacaq”.
Günay Rəsulqızı
Sfera.az






