Aİ nümayəndəsi Bakıya gəlir: “Yeni razılıqlar əldə oluna bilər”
Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar yaxın günlərdə Cənubi Qafqaza, o cümlədən Azərbaycana səfər edəcək.
Bu barədə Aİ Şurası Prezidenti Şarl Mişelin mətbuat katibi Barend Leyts bildirib.
Bununla bağlı Sfera.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, son vaxtlar Azərbaycanla Ermənistan arasında münasibətlərin tənzimlənməsində Avropa İttifaqı xüsusi fəallıq göstərir:
“Bunun ən əsas səbəblərindən biri isə sözügedən məsələdə Aİ-nin rəqibi olan Rusiyanın başının Ukrayna ilə müharibəyə qarışmasıdır. Aİ-nin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında Brüsseldəki sonuncu görüşdə müəyyən razılıqlar əldə olunmuşdu. Ola bilsin, Toivo Klaarın səfəri həm də həmin razılıqların detalları barədə fikir mübadiləsi aparmaq üçündür. Hər bir halda indi region üçün unikal imkan yaranıb - bugünədək daha çox münaqişənin uzanmasında maraqlı olan Rusiyanın başı qarışıb və regiondakı təsir gücü azalmağa doğru gedir, Vətən müharibəsinədək proseslərə etinasız yanaşan beynəlxalq təşkilatlar, o cümlədən Aİ artıq Azərbaycanın maraqları ilə hesablaşırlar, Ermənistan isə yeni reallıqla barışır və daha loyal xarici siyasət yeritmək yolunu tutub”.
Müsahibimiz qeyd edib ki, Aİ-nin təşəbbüskarlığının əvvəlkinə nisbətən indi daha səmərəli olacağına inanmaq olar:
“Hərçənd bu da təmaslarda rəsmi Bakının “əlinin nə qədər güclü olmasından” asılıdır. Çox güman, görüşlərdə bir sıra “düyünlü” məsələlərdə, o cümlədən sərhədlərin müəyyənləşməsində yeni razılıqlar əldə olunacaq”.
Günay Rəsulqızı
Sfera.az