Ərdoğan Dünyanı taxıl qıtlığından xilas edə biləcəkmi? - İyunun 8-də...
Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov iyunun 8-də hərbi nümayəndə heyəti ilə Türkiyəyə səfər edəcək. Səfər zamanı iki ölkəni maraqlandıran məsələlərin müzakirə ediləcəyi və prioritetlərin taxıl dəhlizinin yaradılması, Rusiya-Ukrayna müharibəsi və Suriyadakı proseslərin olacağı gözlənilir.
Maraqlıdır, qeyd olunan məsələlər içərisində hansı bəndlə bağlı müsbət istiqamətdə addımlar atıla bilər? Rusiya xüsusilə taxıl ixracı ilə əlaqədar Türkiyə ilə razılığa gələcəkmi?
Mövzu ilə bağlı Sfera.az-a danışan beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli görüşdə taxıl mövzusu ilə əlaqədar tərəflər arasında razılaşmanın əldə ediləcəyini deyib:
“25 milyon taxıl Ukrayna limanlarında gözləmədədir. Onun oradan çıxarılması ilə bağlı bütün dünya Türkiyə üzərindən Rusiyaya minnətçi düşüb. Ümid edirəm ki, taxılın bir hissəsi buraxılacaq.
Görüşdə NATO-ya yeni üzvlərin qəbulu ilə bağlı Türkiyənin mövqeyi dəyişməməlidir. Çünki Türkiyə bununla Suriya əməliyyatlarına bir növ razılıq almış olacaq. PKK-ın YPG və PYD adlandırılan Suriya qanadının əlində olan bölgələrin üzərindəki hava məkanı Rusiyaya məxsusdur. Yəni Suriya bu ərazini müharibə nəticəsində Rusiyaya təhvil verib. Türkiyənin hava dəstəyi olmadan genişçaplı əməliyyatlar keçirmək mümkün deyil. Bu mənada hər iki tərəfin razılaşması, Türkiyənin NATO-da veto haqqı qarşılığında Rusiyanın PKK əleyhinə əməliyyatlara qarşı çıxmaması, əksinə olaraq onu dəstəkləməsi üzrə danışıqlar gedəcək”.
Ekspert Qərb və Ukrayna arasında olan narazılığa da toxunub:
“Türkiyə hazırda Suriya bölgəsində sayı 50-60 minə çatan azad Suriya ordusunun döyüşçülərini toplamaqdadır. Bunun üzərinə Türkiyə hərbi qüvvələrini gəldikdə çox böyük bir ordu meydana çıxır. Bu, ABŞ-ın Türkiyənin cənub-şərqində yaratmağı planladığı kürd dövlətinə ciddi zərbə vurur.
Bundan başqa Ukraynaya dair məsələlər öz həllini tapa bilər. Çünki artıq verilən mesajlar göstərir ki, Qərbin Ukrayna üzərindən Rusiyaya təsiri əvvəlki effekti verməməkdədir. Son günlər Ukrayna və ABŞ arasında uzaqmənzilli raketlərə dair ciddi narazılıqlar meydana çıxıb. Bu mövqedən sonra dərhal Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Putin və Zelenskini görüşdürmək təklifi çox yerinə düşən təklif idi. Görüşdə bu məsələ də müzakirə olunacaq. Artıq Ukraynada da başa düşürlər ki, müharibədə böyük itkilərə məruz qalan tərəf onlardır”.
Əzizə Zeynal
Sfera.az






