Ceyhun Bayramov Mövlud Çavuşoğlu ilə nələri müzakirə edəcək? - AÇIQLAMA
“Diplomatların müzakirə edəcəyi iki əsas məsələ var”.
Bunu Sfera.az-a açıqlamasında siyasi şərhçi Kənan Novruzov Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun gözlənilən görüşündən danışarkən deyib. Müsahibimiz bildirib ki, bunlardan birincisi, Cənubi Qafqazdakı durumdur:
“Çox güman, nazirlər İrəvanla Bakı və İrəvanla Ankara arasında diplomatik əlaqələrin bərpası barədə bir-birilərini məlumatlandıracaqlar. Ermənistanla münasibətlərin normallaşması istiqamətində nazirlərin bundan sonra da koordinasiyalı addım atmaları barədə razılıq əldə etmələri mümkündür. Yəqin ki, dioplomatlar həm də regiondakı fəaliyyətlərinə dair prioritetləri haqqında fikir mübadiləsi aparacaqlar. İkinci mövzu isə Rusiya ilə Ukrayna arasında davam edən müharibə olacaq. Böyük ehtimalla, nazirlər neytral mövqelərini davam etdirmək barədə razılığa gələcək, Ukraynanın ərazi bütövlüyünü dəstəklədiklərini növbəti dəfə ifadə edəcəklər. Diplomatların birgə mətbuat konfransında həm Bakı, həm də Ankaranın vasitəçiliyə hazır olmasına dair bəyanatların səsləndirilməsi də mümkündür”.
K.Novruzovun sözlərinə görə, Moskva ilə Kiyev arasında davam edən müharibə fonunda Bakının regiondakı rolu bir az da artıb:
“Azərbaycan tərəflər arasında atəşkəsə nail olmaqla gələcək məqsədləri istiqamətində ciddi dividentlər əldə edə bilər. Bunu Türkiyədə də yaxşı bilirlər. Odur ki, nazirlərin ehtimal edilən görüşündə bu məsələ, yəni böhranı fürsətə çevirmək barədə də fikir mübadiləsi aparılacaq. Nəzərə almaq lazımdır ki, iyunun 8-də Rusiya xarici işlər naziri Sergey Lavrovun da Türkiyəyə səfəri planlaşdırılır. Hər bir halda həm Ukrayna, həm də Cənubi Qafqaz məsələsində Bakı- Ankara- Moskva üçbucağı mühüm rol oynayır. Bu isə o deməkdir ki, Bayramov və Lavrovun bir neçə gün fərqlə Türkiyəyə səfəri təsadüfi deyil və bu səfərlər bir- biri ilə əlaqəlidir. Bu görüşlərdən sonra liderlər, həmçinin XİN başçıları arasında növbəti təmasların baş tutması istisna deyil. Hətta Bayramovla ermənistanlı həmkarı Ararat Mirzoyanın növbəti dəfə telefonda danışmaları da mümkündür”.
Günay Rəsulqızı
Sfera.az