Ölkə daxilində müxtəlif baxışların olması təbiidir ancaq ... – ŞƏRH
Demokratik dəyərləri özü üçün əsas prioritet hesab edən və bunu tətbiq edən ölkələrin başlıca göstəricisi şübhəsiz ki, fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsidir.
Maraqlıdır, bu gün qeyd edilən dəyərlərlə bağlı ölkəmizdə durum necədir?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Qabil Hüseynli deyib ki, bu gün Azərbaycanda fikir, söz və məlumat azadlığı, plüralizm yüksək səviyyədədir:
"Hazırda ölkədə hər kəsin müstəqil fikir bildirmək, istənilən məsələyə mövqeyini sərgiləmək və hüquqlarını tələb etmək imkanı var. Bunu Azərbaycanda yaşayan hər bir azərbaycanlı bilir. Təhsilindən, savadından, peşəsindən asılı olmayaraq hər kəs öz hüquqlarını tələb etməyə qadirdir. Təbii ki, bu proses dövlətin diqqət və qayğısı, yaradılan şərait nəticəsində yaranıb. Dövlətin müstəqil medianın inkişafına dəstəyi söz və fikir azadlığının yaranmasına səbəb olub.
Əlbəttə plüralizmin inkişafı kimi, ölkə daxilində müxtəlif baxışlar, müxtəlif siyasi meyillərin mövcudluğu təbiidir. Bu, hərəkətverici qüvvə kimi hər bir normal cəmiyyətdə olmalıdır. Lakin burada dövlət və milli maraqların üstün tutulması, jurnalist peşəkarlığı, ən əsası, onun vətənpərvərlik duyğuları çox vacibdir. Söz, mətbuat azadlığı, həmçinin söz, mətbuat məsuliyyətini inkar etməməlidir. Çünki dünyada hüququn, azadlığın sərhədi, balansı var. Bir insanın hüququ digərinin hüququ başlayan yerdə bitir. Burada müxalifətçilik dövlət maraqlarına, xalqın mənafeyinə zidd addımların atılması kimi qəbul olunmamalıdır.
Hər bir xalqın dövlət quruluşu, demokratik durumu onun dini, fəlsəfəsi, incəsənəti, ümumiyyətlə, onun mədəniyyəti ilə birgə vahid bir substansiyanı, vahid ruhu əmələ gətirir. Bu vahiddən onun istənilən tərəfini ayırmaq nə qədər zərərlidirsə, ona antimilli fikri, sözü calaq etmək də bir o qədər zərərlidir. Təəssüf ki, Qərbin cazibəsinə düşən bəzi yazarlar onun demokratiya şablonundan çıxmaq imkanından məhrum olaraq milli kimliyini, adət-ənənələrini unutmaq dərəcəsinə enib, daxili problemlərin ölkə xaricində qərəzli müzakirəsinə can atırlar”.
Turan Rzayev
Qeyd: Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
Mövzu: Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi.