28 May bütün Şərqin demokratiya günüdür!
28 May Respublika Günü şanlı tariximizə qızıl hərflərlə həkk olunmuş, hər bir Azərbaycan vətəndaşının qürur mənbəyi olan bir gündür. 1918-ci il mayın 28-də mürəkkəb siyasi hərbi-şəraitdə əsarət altında yaşayan, tarixi, mədəniyyəti, dili, dini sıxışdırılan Azərbaycan xalqı özünün və Şərqin ilk demokratik, hüquqi, dünyəvi və parlamentli respublikasını yaradıb.
Azərbaycan Xalq Cümhuriyyətinin qurulması xalqımızın həyatında yeni bir mərhələnin başlanğıcı oldu. Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini özündə birləşdirən, yarandığı dövr üçün inqilabi sayılan bir-çox ünsürləri özündə ehtiva edən dövlət nümunəsi olan Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın milli və siyasi şüurunun, yüksək mədəniyyətinin nəticəsi idi.
Cümhuriyyətin ömrü uzun olmasa da, qısa bir müddət 23 ay ərzində çox böyük işlər görə bilib. Bu qısa dövrdə dövlət bayrağı, dövlət himni və gerbi, Azərbaycan vətəndaşlığı təsis edilib, milli ordu yaradılıb. Həmin dövr üçün olduqca mütərəqqi sayılan müddəaları özündə əks etdirən çoxsaylı qanunlar qəbul edilib. Demokratik hüquq və azadlıqların, etnik və dini mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşların bərabər hüquqlarının tanınması, hətta bir çox Avropa ölkəsindən daha əvvəl qadınlara seçki hüququnun verilməsi, Azərbaycan dilinin dövlət dili elan edilməsi, təhsil və mədəniyyətin inkişafına xüsusi diqqət göstərilməsi və həyata keçirilmiş digər işlər həmin dövr üçün atılmış böyük addımlar idi.
1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul olunmuşdur. Konstitusiya Aktında 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə və “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsinə istinad olunmuş, Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edilmişdir. Beləliklə, “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktına əsasən Azərbaycan xalqı 1991-ci il oktyabrın 18-də öz müstəqilliyini bərpa etmişdir.
Milli dövlətçilik tariximizdə Cümhuriyyət xadimlərinin misilsiz xidmətlərinin yüksək dəyərləndirilməsi, onların zəngin irsinin öyrənilməsi və təbliği ilə ümummili lider heydər əliyevin xidmətləri xüsusilə qeyd edilməlidir. Misal üçün cümhuriyyətin bizə ən böyük mirası olan 3 rəngli şanlı bayrağımız ilk dəfə Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə 1990-cı il noyabrın 17-də Naxçıvan MR Ali Məclisinin sessiyasında qaldırıldı və Naxçıvan MR-nın dövlət bayrağı kimi rəsmiləşdirməsi. Azərbaycan SSR Ali Soveti qarşısında bu bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırılması, o dövrdəki Azərbaycan rəhbərliyini 1991-ci il fevralın 5-də belə bir qərar qəbul etməyə məcbur olması, ümummili liderin ən böyük xidmətlərindədir.
Azərbaycan xalqı 1991-ci ildan sonra ilk dəfə bu bayramı tam fərqli olaraq, öz ərazi bütövlüyünü bərpa etmiş qalib xalq kimi qeyd edir. Belə ki, Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Naxçıvan MR Ali Məclisinin sessiyasında qaldırılan və Naxçıvan MR-nın dövlət bayrağı kimi rəsmiləşən Cümhuriyyətin yadigarı üçrəngli bayrağımız bu gün Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin səyləri, qəhrəman Azərbaycan silahlı qüvvələrinin rəşadəti ilə işğaldan azad edilən Qarabağda və ölkəmizin mədəniyyət paytaxtı olan Şuşada dalğalanır. Bu ölkəmizin son 100 illik tarixində əldə etdiyi ən böyük uğur AXC dəyərlərinin əbədi olmasının simvoludur.
Turan Rzayev