NATO anons verdi: “Müharibə şiddətlənəcək”
“Ukraynanın uzunmüddətli dəstəyə ehtiyacı olacaq”.
Bunu NATO-nun Baş katibi Yens Stoltenberq Alyansa üzv dövlətlərə müraciət edərək bildirib.
Baş katib qeyd edib ki, 13 həftəlik müharibə zamanı Rusiya çox ciddi straterji səhvlərə yol verib:
“Kremlin başçısı Valdimir Putin özünün sürətli işğal planını həyata keçirə bilmədi. Eyni halda Ukrayna müqavimət göstərməyə hazır və imkanı olduğunu sübut etdi”.
Y.Stoltenberq söyləyib ki, NATO-nun əsas, vacib tapşırığı uzunmüddətli perspektivdə Ukraynaya yardım etməkdir: “Bu səbəbdən müttəfiqləri təchizat ehtiyatlarını artırmağa çağırıram. Müharibə uzunmüddətli olacaq. Ona görə də NATO-nun ilk vəzifəsi Ukraynaya uzun müddətə dəstək verməkdir. Çünki bu, getdikcə daha yorucu müharibə olur".
Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki, Qərb əlini Ukraynanın üstündən çəksə, Rusiya bir neçə gün ərzində istədiyinə nail olacaq və bu baxımdan Stoltenberqin son açıqlamasını əslində NATO- nun planı kimi də qiymətləndirmək olar:
“Baş katib, həmçinin müharibənin uzunmüddətli olacağı barədə proqnoz verib. Çox güman ki, doğrudan da, hərbi əməliyyatlar yaxın vaxtda başa çatmayacaq. Əksinə, savaşın daha da gərginləşəcəyi istisna deyil. Beləliklə, NATO-nun Kiyevə daha ciddi dəstəyinə və hətta Ukraynaya canlı qüvvə göndərməyinə bəhanə yaranacaq. Alyans müharibənin birbaşa iştirakçısı olmaqda maraqlı deyil. Amma Ukraynanın "əli ilə" Rusiyaya təzyiqi artırmaq qurumun maraqlarına tam uyğundur. Daha dəqiq desək, bu, NATO-nun əsas niyyətdir”.
Müsahibimiz qeyd edib ki, müharibə artıq tərəflərin nəzarətindən çıxır:
“Rusiya və Ukrayna dövlət başçılarının savaşı dayandırmaq imkanları tədricən azalır. Həmçinin əsas vasitəçilərdən biri olan Türkiyənin təsir gücü də hər ötən gün məhdudlaşır. Bunun əksinə olaraq, NATO proseslərin "dirijor"una çevrilir. Odur ki, həm Ukrayna, həm də Finlandiya və İsveç məsələsinə görə Türkiyə ilə Alyans arasında ziddiyyətlərin artacağı gözləniləndir.
Yəqin ki, növbəti həftələrdə, hətta qarşıdakı günlərdə NATO- nun Kiyevə daha ciddi dəstəyinin şahidi olacağıq. Bununla əlaqədar olaraq Rusiyanın işğal etdiyi bəzi ərazilərdən çıxması istisna deyil. Lakin bütün hallarda savaş hələ davam edəcək. Müharibənin nəticəsi dünyanın xəritəsini dəyişəcək”.
Günay Rəsulqızı
Sfera.az