"O, Putinin lobbiçisidir, siyasətə təsirinin şişirdilməsi boş şeydir" - ŞƏRH
ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincerin son çıxışı siyasi arenada səs-küyə səbəb olub. Davos forumunda çıxışı zamanı Kissincerin, “Ukrayna sülh danışıqlarında ərazilərini Rusiyaya verməyə hazır olmalıdır”, deməsi Ukraynada da narazılıqla qarşılanıb.
Prezident Volodimir Zelenski, “Deyəsən, cənab Kissincerin təqvimində 2022-ci il yox, 1938-ci ildir və o, Davosda deyil, o vaxtkı Münhendə tamaşaçılar qarşısında çıxış etdiyini düşünür”, – deyə söyləyib.
Sfera.az-ın məlumatına görə, bununla bağlı “Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu deyib ki, Henri Kissincerin Davosda səsləndirdiyi fikirlər, əsla ABŞ administrasiyasına məxsus deyil:
“Bu, Rusiyaya illərdir lobbiçilik edən Kissincerin özünün və ya uzaqbaşı təmsil etdiyi hansısa qrupun mövqeyi kimi dəyərləndirilməlidir. ABŞ administrasiyasının mövqeyi isə Dövlət Departamentinin ona cavab olaraq verdiyi açıqlamada kifayət qədər aydın ifadə olunub:
“Ukraynanın ərazi bütövlüyünü yalnız Ukrayna xalqı həll edə bilər. Vaşinqton da onun mübarizəsini dəstəkləyəcək”. Ukraynada keçirilmiş son rəy sorğusunun nəticələrinə görə isə 82% hər hansı ərazi güzəştlərinin qəti əleyhinədir”.
Politoloq əlavə edib ki, Kissincerin təklifinə Ukrayna hökumətinin də mövqeyi və münasibəti yetərincə qəti ifadə olunub:
“Amma çox təəssüf ki, 98 yaşlı Putin lobbiçisindən az qala dünyanın müqəddaratını həll edən kölgə fiquru yaradan bəzi media resursları real siyasətlə uydurma, cəfəngiyyat arasındakı fərqi görə bilmirlər. Vaşinqtonun siyasətini hansısa kissincerlər deyil, Bayden və onun administrasiyası müəyyən edir. Real siyasət isə budur. Davosda danışan da strateq Kissincer yox, lobbiçi Kissincer idi. İndi onun siyasətə təsirinin şişirdilməsi boş şeydir”.
Günay Rəsulqızı
Sfera.az






