Brüssel görüşü erməniləri ÖZÜNDƏN ÇIXARDI: “Yaxın günlərdə...”
Brüssel görüşünün ardınca Ermənistandakı sülh əleyhdarları prezident İlham Əliyevlə Paşinyan arasında imzlanacaq hər hansı bir sənədi tanımayacaqlarını bildiriblər. Səbəb kimi isə Nikolun yeritdiyi siyasətin “Arsaxın itirilməsinə, Hayastanın dövlət kimi məhvinə” aparmasını irəli sürüblər.
Sfera.az-ın məlumatına görə, bununla bağlı deputat Sahib Alıyev deyib ki, səsləndirilən iddialar gülüncdür və əsas etirazçılar - Köçəryan-Sarkisyan cütlüyü heç bir dövlətin olmadığını yaxşı bilirlər:
“Onlar fərqindədirlər ki, Ermənistan dövlət deyil, Rusiya Dumasının keçmiş sədri Boris Qrızlovun İrəvanda vurğuladığı kimi forpostdur. “Arsaxın itirilməsi” məsələsinə gəldikdə isə burada nəsə izah etməyin özü belə artıqdır. Hər kəsə aydındır ki, Qarabağın Rusiya hərbi kontingentinin müvəqqəti nəzarətindəki hissəsində yaşayanlar arasında Brüssel danışıqlarından narazılıqlarını bildirənlər də, Ermənistandakı etirazçılar da öz sözlərini demirlər. Hər kəsə o da bəllidir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov nə üçün Brüssel görüşünün səhəri günü Ceyhun Bayramovla Ararat Mirzoyana zəng etmək ehtiyacı duymuşdu. Brüsseldəki növbəti razılaşmanın ardından Ermənistanda nələrin yaşanacağını, Paşinyana kimlərin və necə təzyiq göstərəcəyini Avropa Birliyi rəhbərliyi də yaxşı anlayır. AB-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali təmsilçisi Cozef Borelin sözügedən görüşlə bağlı son paylaşımında, “dayanıqlı sülhə doğru konkret addımlar”ın atılmalı olduğunu qabartması, ölkə başçıları arasında keçiriləcək növbəti danışıqların vaxtının öncədən açıqlanması faktları da elə bundan xəbər verir”.
Millət vəkili qeyd edib ki, diqqətçəkən və önəmli məqam prezident İlham Əliyevin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana zəng edərək Brüsseldə keçirilən son görüşün detalları haqda onu məlumatlandırması olub:
“Türkiyə Prezidentinin yaxın günlərdə Azərbaycana səfəri gözlənilir. Fikrimcə, yaxın günlərdə regiondakı yeni geosiyasi reallığın fərqli, daha anlaşılan şəkildə sərgilənəcəyini görəcəyik”.
Günay Rəsulqızı
Sfera.az