Logo

Brüssel masası: Əliyev-Paşinyan razılaşması işləyəcəkmi?

Brüssel masası: Əliyev-Paşinyan razılaşması işləyəcəkmi?
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Brüssel görüşünün nəticələri yaxın perspektiv üçün vədlər verir: sərhəd komissiyaları yaxın günlərdə dövlət sərhədində görüşəcək; xarici işlər nazirlərinin başçılıq etdikləri nümayəndə heyətləri sülh sazişini yaxın həftələrdə müzakirə edəcəklər;

Ötən görüşdən sonra baş verənlər fonunda “yaxın perspektiv”in nə qədər çəkəcəyi, yaxud ümumiyyətlə mümkün olacağı sual altındadır.

Görüşdə Bakının əldə etdiyi əsas nəticə Qarabağdakı ermənilərlə bağlı sərgilənən mövqedir:

- Müharibədən sonra ilk dəfədir Qarabağdakı ermənilərlə bağlı məsələ “Qarabağda etnik ermənilərin hüquq və təhlükəsizliyinin təmin edilməsi” adı altında müzakirə olunur;

- İrəvanın “status”la bağlı tələbi qəbul edilməyib və ermənilərə Azərbaycandakı digər milli azlıqlara verilən hüquqlar verilə bilər: bərabərhüquqlu vətəndaş olurlar, erməni dilində mətbuat, yaxud teatr kimi mədəni təşəbbüslər üçün şərait yaradılır və s;

“Qarabağdakı etnik ermənilər...” qeydi həm də Paşinyana daxildəki revanşistlərə qarşı manevr etmək imkanı yaradır.

Hərçənd, bəyanatda müəmmalı qalan məqamlar da var:

Birincisi, sərhəd komissiyalarının dövlətlərarası sərhəddə keçiriləcək iclasında “sərhədin delimitasiyası və sabit vəziyyətin ən yaxşı şəkildə necə təmin edilməsi ilə bağlı bütün məsələlərə toxunulacaq”.

İclasda sərhədin hansı kriteriyalara uyğun delimitasiyası müzakirə olunacaq?

- Bakı SSRİ dövrünün xəritələrinə uyğun, İrəvan SSRİ dağılanda mövcud olan xətlər üzrə delimitasiya istəyir;
- Sabitliyin təmin edilməsində İrəvan “güzgü prinsipi”nin tətbiqində maraqlıdır, Bakı yox;
- Moskva son təklifi olan “Təmas qrupu” ilə sərhədin müəyyən edilməsi prosesinə birbaşa müdaxilə etmək niyyətindədir;
- Brüssel Moskvasız, ikitərəfli formatda danışıqlarda maraqlıdır;

Mürəkkəb vəziyyət yaranıb: Bakının istədiyi xəritələr Moskvada olsa da, Rusiyanın müdaxiləsini istəmir; İrəvan Moskvadakı xəritələri arzulamır, amma rusların prosesə müdaxiləsinin “güzgü prinsipi”nə şərait yaradacağına ümid edir; Moskva delimitasiyasının xəritələr əsasında aparılmasını qəbul edir, lakin özünün birbaşa iştirakı ilə;

Toqquşan və uzlaşan maraqlar prosesin irəliləyişinə mane yaradan amillərdir. Hər iki tərəfin bir alternativ masaya yönəlmək imkanı da bunu çətinləşdirir.

Və belə nəticə çıxır ki, Aİ “sərhədin hansı kriteriya ilə müəyən ediləcəyini və sabitliyin necə təmin ediləcəyini tərəflərin öz öhdəsinə” buraxır.

- İrəvan bundan Moskva qarşısında “Aİ bizim mövqeyi dəstəkləyir” əsası ilə əlini gücləndirmək üçün istifadə edə bilər;
- Bakı bundan Ermənistana qarşı məcburetmə addımları məqsədilə yararlana bilər;

İkincisi, kommunikasiyanın açılması və daşımalarda “sərhəd idarəetmə prinsipləri, təhlükəsizlik, eləcə də gömrük rüsumları və qaydaları”nın tətbiqi razılaşdırılıb;

- Bu, Zəngəzur dəhlizinin İrəvanın (həm də Qərbin) istəyinə uyğun açılması deməkdir: gömrük-nəzarət məntəqələri quraşdırılır və 10 noyabr bəyanatının əksinə olaraq, Naxçıvana çıxış maneəsiz olmur;
- Bakı Əliyevin 6 aprel görüşündə bəyan etdiyi kimi, “Zəngəzur və Laçın dəhlizi eyni rejimlə işləməlidir” mövqeyindən çıxış edərək, Laçında eyni qaydanın tətbiq edilməsini istəyəcək: mümkündür ki, Laçın şəhərinin mərkəzindən keçən dəhlizin alternativ marşrutua köçürülməsindən sonra bu məsələ gündəmə gələ bilər;
- Bu, Moskvanın marağında deyil: Laçın dəhlizinə nəzarəti əldə verməmək, Zəngəzur dəhlizinə nəzarət etmək istəyir;

Toqquşan və uzlaşan maraqlar bu məsələdə də, ümumilikdə bölgədə qeyri-sabit perspektiv vəd edir. Bu baxımdan, razılaşmaların praktiki mərhələdə işləyəcəyi ehtimalı zəifdir. İstisna deyil ki, prosesi sürətləndirəcək şərtlərin yetişməsi üçün danışıqların diplomatik raunduna paralel şəkildə kiçikçaplı eskalasiya da yaşana bilər.

Asif Nərimanlı

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR