Gürcüstan-NATO münasibətləri DALANA DİRƏNDİ: “Rusiya ilə qarşıdurmalar ola bilər”
“Gürcüstanda həm NATO-ya üzvlük, həm də anti-Rusiya kampaniyalarına qeyri-rəsmi qadağa tətbiq olunub. Maksimum şəkildə rəsmi tribunalardan açıq şüarların səsləndirilməsi məhdudlaşdırılır”.
Sfera.az bildirir ki, bunu Xəzər Müdafiə Tədqiqatları Mərkəzinin rəhbəri, hərbi-siyasi şərhçi Ramil Məmmədli deyib. Onun sözlərinə görə, Rusiya Ukraynaya hücum etməklə postsovet məkanında NATO-ya üzvlük arzusunun üzərindən xətt çəkib:
“Hələ uzun illər bu qeyri-rəsmi qadağa qüvvədə qalacaq və NATO ilə yalnız siyasi müstəvidə olan əlaqələrə üstünlük veriləcək. Mövcud vəziyyətdə Gürcüstan bu xətti davam etdirmək məcburiyyətindədir. Bəllidir ki, hazırda ölkənin idarəetmə mexanizmi əlində cəmləşdirmiş Gürcü arzusu — Demokratik Gürcüstan Partiyasının lideri Bidzina İvanişvilinin Rusiya ilə isti münasibətləri mövcuddur. Lakin illərdir İvanaşvili 2004-cü ildən bünövrəsi qoyulan hərbi-siyasi xətti dəyişmək iqtidarında deyildi. Daha doğrusu, bunu etməklə ölkədə növbəti inqilab dalğasına rəvac vermək istəmirdi. Bu gün isə İvanaşvilinin şimal qonşusunu Gürcüstana “gətirmək”, NATO-nun ölkədəki rıçaqlarını zəiflətmək şansı yaranıb. Ukraynada NATO-nun iflasa uğraması, daha dəqiqi, ukraynalılar üçün NATO mifinin darmadağın olması gürcüləri də düşünməyə vadar edib”.
Ekspert əlavə edib ki, 2008-ci il müharibəsindən nəticə çıxaran Gürcüstan NATO-ya üzvlükdə israrlı olmağın daha acı nəticələrinin baş verəcəyinə əmindir:
“Ukraynanın başına gətirilənlər Gürcüstan-NATO əlaqələrində soyuma və ya qopma prosesinə start verə bilər. Bunun qarşısını ala biləcək yeganə çıxış yolu isə Rusiyanın Ukraynada tam iflasa uğraması və şimal qonşumuzun daxili siyasi parçalanma mərhələsində olması ola bilər. Hələ ki, mövcud vəziyyət bunun əksini göstərir. Gürcüstan ya NATO, dolayısı ilə ABŞ-la hərbi əlaqələrinə yenidən baxmalı, yaxud da bu münasibətlərin təbliğinin sayını azaltmalıdır. Yəni Rusiya faktorunu nəzərə alaraq, rəsmi Moskvada qıcıq yaradacaq addımlardan çəkinməlidir. Bəlli olan odur ki, Gürcüstan son 18 ildə formalaşdırdığı hərbi-siyasi xəttinə yenidən baxmaq məcburiyyətində qalacaq. Dövlətin bütün strukturlarına buraxılmış ABŞ-ın gözlənilən təzyiqləri qarşısında gürcülərin buna nə qədər nail olacağı isə zamanın sualıdır. Ya Gürcüstan neytral ölkə kimi mövcudluğunu saxlamalı, daha çox siyasi və iqtisadi müstəvilərdə qərblə əməkdaşlığı davam etdirməli ya da Rusiya ilə qarşıdurmalara hazır olmalıdır”.
Günay Rəsulqızı
Sfera.az






