Xalqı bir yumruq kimi birləşdirən dəyər: Azərbaycançılıq ideyası...

Xalqı bir yumruq kimi birləşdirən dəyər: Azərbaycançılıq ideyası...
Hər bir cəmiyyət üçün milli mənlik, vətənpərvərlik anlayışı milli dərketmənin, varolmanın mühüm atributlarından biri hesab olunur. Vətənpərvərlik anlayışının əsas kodekslərindən biri də milli dəyərləri, adət-ənənələri qoruyub saxlamaq, milli ideologiyanın təbliği məsələsidir.
 
Bizim üçün də azərbaycançılıq ideologiyası xalqı birləşdirən əsas dəyərlərdən biri, belə desək, güc mərkəzi kimi dəyərləndirilir. Məhz bu ideologiyanın ətrafında bütün digər mübahisəli məsələlər arxa plana düşür. 
 
Elə buna nümunə olaraq 44 günlük Vətən müharibəsini, bu dövr ərzində vahid mərkəzdə birləşməyi, azərbaycançılıq ideologiyasının hamını yumruq kimi birləşdirməsini göstərə bilərik.
 
Dövlət müstəqilliyimizin bərpasının 31-ci ilində azərbaycançılıq ideologiyasının təbliği ilə bağlı Sfera.az-a danışan Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov bunun cəmiyyətimiz üçün mühüm əhəmiyyət daşıdığını qeyd edib. Ekspert multikultural dəyərlərdən də söz açıb:
 
"Azərbaycançılıq ideyası Azərbaycan cəmiyyəti üçün əsas istiqamətlərdən biridir. Məlum olduğu kimi, ölkəmiz çoxmillətli dövlət kimi daima multikultural dəyərlərin inkişafında  maraqlı tərəf kimi görünüb. Biz əsrlərdir ki, Azərbaycan ərazisində yaşayan etnik qrupların bir-birləri ilə həmrəy şəraitdə yaşadığına şahidlik edirik. Bu, bizi bir çox ölkələrdən fərqləndirən əsas dəyərdir desək, yanılmarıq. Ulu öndər Heydər Əliyev də daima azərbaycançılıq ideologiyasının vacibliyini qeyd edib. Biz bu gün həmin dəyərlərin davamlı şəkildə həyata keçirildiyinin şahidi olururq”. 
 
Ekspert bu xüsusda Ermənistan və Azərbaycan arasında olan fərqlərə də toxunub:
 
"Biz Ermənistanla informasiya müharibəsi çərçivəsində də daim qeyd edirik ki, Ermənistandan fərqli olaraq Azərbaycan çoxmillətli dövlətdir. Ermənistanda faşizm, monoetnizm, ayrı-ayrı xalqlara və etnik qruplara qarşı dözümsüzlük bu ölkənin hansı ruhda olduğunu göstərir. Onların əksinə olaraq isə Azərbaycanda insanlar arasında tolerant mühit mövcuddur və bu, davamlı şəkildə olacaq. Bu məsələ qanda, kökdə olan məsələdir və dəyişilməz olaraq qalacaq”. 
 
Əzizə Zeynal 
Sfera.az
 
QEYD: Bu yazı Medianın İnkişafı Agentliyinin dəstəyi ilə hazırlanıb.
 
MÖVZU: Azərbaycançılıq ideyasının təbliği
 

OXŞAR XƏBƏRLƏR