O Günəşlə gəlir...
Ramazan Bayramı İnsanın Təbiətlə harmonik qovuşmasını və onun bir parçasına çevrilməsini təcəssüm etdirir. O Günəşlə gəlir və Günəş kimi ürəklərə hərarət, düşüncələrə aydınlıq gətirir. Hər səhər Günəşin üfüqdən boylanması təbiəti canlandırdığı kimi Ramazan bayramının gəlişi də insanların qəlbində xoş ovqat və xoş ümidlər oyadır. İnsanlığın Günəşə ümidi sonsuz olduğu kimi, Ramazan dualarına və niyyətlərinə ümidləri də tükənməzdir. Bütün ümidlərin doğrulması, ruzi- bərəkətin bolluğu, ədalətin təntənəsi isə İnsanın öz inancına, Ali Ədalətin mizan-tərəzisinə inamı və sədaqəti ilə bağlıdır.
Ramazan Bayramı bütün insanların bir-biri ilə qovuşduğu bir gündür. Əllərin və qəlblərin açıldığı bu gündə insanlar ürəklərindəki sevgi və mərhəməti, əllərindəki ruzi-bərəkəti bir-biri ilə paylaşır. Həyatda olan və olmayan, yaxında və ya uzaqlarda olan hər bir şəxs öz doğmaları və əzizləri tərəfindən yad edilir, xoş xatirələrlə anılır və beləcə bütün insanlar Müqəddəs Ramazan duaları və diləkləri ilə bir-birinə qovuşur.
Əziz dostlar, ürəklərdə saf niyyətlərin və xoş diləklərin çağladığı belə bir gündə hər birinizi Müqəddəs Ramazan Bayramı münasibətilə təbrik edirəm. Bu gözəl bayramın süfrələrinizə bolluq, düşüncələrinizə aydınlıq, qəlblərinizə sevgi və mərhəmət, həyatınıza xoşbəxtlik və səadət gətirməsini arzulayıram.
Cavanşir Feyziyev
Milli Məclisin deputatı






