Logo

Müharibə uzun müddət davam etməyəcək! – Ekspert

Müharibə uzun müddət davam etməyəcək! – Ekspert
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Ukrayna Rusiyanın hərbi müdaxiləsinə biganə qalmayacaq. Rəsmi Kiyev ciddi müqavimət göstərəcək”.

Sfera.az xəbər verir ki, bu sözləri Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzi sədri Samir Hümbətov Ukrayna-Rusiya gərginliyinin aktiv müharibə fazasına keçməsi və rus qoşunlarının müxtəlif istiqamətlərdən Ukraynaya hücumunu şərh edərkən deyib.

Onun sözlərinə görə, hadisələrin geniş miqyas alacağı o qədər inandırıcı görünmür:

"Təbii ki, bunun da özünə görə bir neçə səbəbinin olduğunu demək mümkündür. Birncisi, Rusiya yaxşı başa düşür ki, Ukraynaya müdaxiləsi Qərb ölkələrinin ona qarşı sanksiyalar paketini işə salması üçün fürsətlər yaradır və əgər hərbi əməliyyatların miqyası genişlənərsə, sanksiyalar da artacaq. İkincisi, 2008 və 2014-cü illərdən fərqli olaraq 2022-ci ildə dünya siyasi arenasında bəzi dövlətlər daha da inkişaf edərək önə çıxmağa başladı. Türkiyə də bu dövlətlərdən biridir. Eyni zamanda Türkiyə və Ukrayna arasında 16 oktyabr 2020-ci ildə imzalanmış hərbi sahədə müttəfiqlik münasibətləri də mövcuddur. Son nəticədə Türkiyə imzaladığı müqavilənin şərtlərini yerinə yetirməyə məcbur ola bilər.

Üçüncüsü, Rusiya tərəfi yaxşı başa düşür ki, onlar 5 dekabr 1994-cü ildə ABŞ, Böyük Britaniya, Ukrayna, Qazaxıstan və Belarusla birgə Budapeşt Memorandumuna imza atıb və həmin imza ilə Ukraynanın təhlükəsizliyinə ABŞ və Böyük Britaniya ilə birgə zəmanət verib. Əlbəttə ki, bu zəmanəti 2014-cü ildə pozub artıq. Əgər bu tendensiya davam edərsə, Qərb ölkələri, xüsusilə də ABŞ və Böyük Britaniya həm Ukraynaya silah-sursat yardımını daha da artıracaq, həm də fürsətdən istifadə edib sanksiyaları daha da çoxaldacaq.

Nəzərə alsaq ki, rus oliqarxlarının əsas maliyyə vəsaitləri və mülkləri Avropada, xüsusilə İngiltərədədir, o zaman vəziyyətin hansı istiqamətə getdiyini daha aydın şəkildə görmək mümkümdür”.

Ekspert qeyd edib ki, Almaniya Rusiya iqtisadiyyatı üçün vacib əhəmiyyətə malik "Şimal Axını 2" layihəsinə lisenziya vermək məsələsini dayandırdı:

"Bu isə Rusiya üçün heç də yaxşı nəsə vəd etmir. Odur ki, Rusiyanın Ukraynanı tam şəkildə işğal etmək planı o dərəcədə real görünmür. Rusiya, xüsusilə də Putin administrasiyası üçün kiçik də olsa hərbi əməliyyatlar lazım idi. Ona görə ki, artıq uzun müddətdir Rusiya Ukrayna sərhədinə qoşunlar yığmaqda davam edirdi. Eyni zamanda onun tələblərinin Qərb ölkələri tərəfindən təmin edilməməsi də ölkədaxilində ciddi narazılıq yarada bilər ki, bu da Putinin nüfuzunun həm ölkə daxilində, həm də ölkə xaricində zədələnməsi deməkdir. Bütün bu addımları hesablayan Kreml rəhbərliyi bu işlərin sonunda sanksiyalar paketinin işə düşməsini göz önünə alsalar belə bunu etməyə məcbur idilər. Hadisələrin gedişi bundan sonrakı proseslərin hansı istiqamət üzrə davam edəcəyini göstərəcək. Hesab edirəm ki, Rusiyanın Ukraynaya qarşı hərbi müdaxiləsi uzunmüddətli olmayacaq. Əgər bu hal baş verərsə, nəticəsi Rusiya üçün daha ciddi fəsədlar verə bilər”.

Turan Rzayev
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR