Deputat: “Rusiya ilə imzalanan bəyannamə beynəlxalq əməkdaşlığın bir nümunəsidir”
Sfera.az xəbər verir ki, bu fikirləri açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib. Deputat qeyd edib ki, bu dövlət başçısının uzaqgörən siyasətinin bəhrəsi və uğuru idi:
"Hazırda dünyada gərgin tarixi anlar yaşanır ki, biz də bu anların şahidi oluruq. Bu vəziyyətdə balanslaşdırılmış siyasət yürütmək həqiqətən vacib məqamdır. Biz beynəlxalq əməkdaşlığın və tərəfdaşlığın hər zaman dəstəkçisiyik. Rusiya dövlətilə imzalanan bəyannamə də beynəlxalq əməkdaşlığın bir nümunəsidir. Qarşılıqlı əməkdaşlıq barədə müvafiq sənədin hazırlanması ilə bağlı Cənab Prezident 2020-ci il 10 oktyabr tarixində Rusiya kanalına verdiyi müsahibəsində iki ölkə arasında əməkdaşlığın yüksək səviyyədə rəsmiləşəcəyi ilə bağlı qeyd etmişdi. Lakin bu sənədi cəmiyyətə, dövlət müstəqilliyinə qarşı böyük bir təhlükə kimi təqdim edən şəxslər var. Dünən imzalanan 43 maddəlik bəyannamənin mətnində ölkəni birbaşa narahat edən, birbaşa təhdid edən heç bir maddə yoxdur. Onu da qeyd edim ki, əgər bu sənədi Şuşa bəyənnaməsilə qarşılaşdırsaq, sözsüz ki, qardaş Türkiyə ilə imzalanan sənəd qarşılıqlı öhdəliklər baxımından daha güclüdür”.
Millət vəkili Moskva Bəyannaməsinin məğzinə də aydınlıq gətirib:
"Moskvada imzalanan sənədin məğzi budur ki, tərəflər razılaşır ki, Xəzər dənizində sahil ölkələrə məxsus hərbi kontingentdən başqa heç bir ölkənin hərbçiləri olmamalıdır. Bu uzun illər əvvəl qəbul olunmuş Xəzərin statusu haqqında sənəddə də olan bir maddədir. Həmçinin, əsas məsələ qarşılıqlı ticarət əlaqalərinin genişləndirilməsidir ki, Moskva Azərbaycandan gözləyir ki, ona qarşı ola biləcək kəskin sanksiyalar zamanı da, ticarətimiz davam etsin. Bu, normal haldır. Çünki dünyada yetəri qədər tərəfdaşımız var, şimal qonşumuza qoyulacaq hər hansı bir sanksiyanın bizim əməkdaşlığımıza təsiri olmamalıdır. Xüsusi olaraq qeyd edim ki, sənəddə MDB və KTMT-nin, həmçinin Gömrük İttifaqının adı keçmir. Sənəddə qeyd olunan əsas məsələ odur ki, iki ölkə arasında münasibətlər, sərhədlərin toxunulmazlığı, bir-birinin suverenliyinə və ərazi bütövlüyünə qarşılıqlı hörmət prinsipinə əsaslanır. Mövcud bəyannamədə dövlətimiz, müstəqilliyimiz, xalqımız əleyhinə hər hansısa bir təhdid yoxdur”.
(Demokrat.az)






