Kreml Donbas və Luqanskla kifayətlənməyəcək - "Qərb Rusiyanı dayandırmasa..."
Məlum olduğu kimi, Rusiya Prezidenti Vladimir Putin Donetsk və Luqansk "respublikaları”nın "müstəqilliyi”ni tanımaq barədə fərman imzalayıb. Fərmanın ardınca isə Putin silahlı qüvvələri "dxr” və "lxr”də sülhün qorunmasını təmin etməyi tapşırıb. Fərmanın 3-cü bəndinə əsasən, müqavilə imzalanana kimi Rusiya Federasiyası Silahlı Qüvvələri Luqanskın ərazisində sülhməramlı funksiyalarını yerinə yetirəcək.
Maraqlıdır, indiki mərhələdə Kremlin məqsədi nədir? Ukrayna Rusiyanın bu hərəkəti qarşısında hansı addımları atacaq?
Mövzu ilə bağlı Sfera.az-a danışan politoloq Qabil Hüseynli deyib ki, Rusiya Prezidenti Vladimir Putin Donetsk və Luqansk "respublikaları”nın "müstəqilliyi”ni tanımaq barədə fərman imzalayaraq faktiki olaraq hibrid müharibənin başlandığını elan etdi.
"Qərbin əksinə Kreml Ukrayna məsələsində sözdə yox, əməldə özünün ciddiliyini göstərir. Putinin Rusiya silahlı qüvvələrinə "dxr” və "lxr”də sülhün qorunmasını təmin etməyi tapşırması da bunu bir daha təsdiqləyir. Rusiya bununla bir daha sübut etdi ki, o Ukrayna məsələsində geri addım atmayacaq.Hazırda Ukrayna real müharibə ilə üz-üzədir. Rusiya Ukraynaya hibrid müharibə elan edib. Məsələ ondadır ki, Rusiyanın müstəqilliyini tanıdığı Donetsk və Luqansk "respublikaları” hazırda adıçəkilən vilayətlərə tam mənasında hakim deyil. Yəni Donbas və Luqanskın böyük hissəsi Ukraynanın nəzarətindədir. Kreml separatçılara dəstək verəcək ki, onlar Donbas və Luqanska tam hakim olsunlar. Rusiya bununla həm də müstəqilliyini tanıdığı Donetsk və Luqansk "respublikaları” ərazisinin Ukrayna tərəfindən işğal edildiyini elan etmiş oldu. Yəni yaxın günlərdə gərginliyin daha da artması mümkündür”.
Politoloqun sözlərinə görə, Qərb Kremli Ukraynada dayandıra bilməsə, daha heç vaxt dayandıra bilməyəcək:
"ABŞ və Qərb hər dəfəsində Ukraynaya dəstək verəcəyini desə də biz bu dəstəyin maliyyə və silah yardımından o tərəfə keçmədiyini görürük. Rusiyanın Donetsk və Luqansk "respublikaları”nın "müstəqilliyi”ni tanımasına Qərb sərt sanksiyalar paketini işə salmaqla cavab verəcək. Lakin bunun Kremli dayandıracağını düşünmürəm. Kreml anlayır ki, Qərb nə qədər ki, ondan enerji asılılığına malikdir nəinki Ukrayna, heç bir ölkəyə birbaşa hərbi dəstək verməyəcək.
ABŞ və Qərb mühüm qərar verməlidir: Ya Ukraynaya hərbi yardım edilməli, ya da göz görə-görə Kremlin Ukrayna əraziləri hesabına yeni bufer ölkə yaratmasını izləməlidir".Turan Rzayev






