"DXR və LXR ilə əlaqədar Azərbaycan neytral mövqe tutacaq, Ermənistan isə..." - AÇIQLAMA
Rusiya prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanı Rusiyaya rəsmi səfərə dəvət edib. "Bu ilin aprelində qeyd olunan Rusiya Federasiyası ilə Ermənistan Respublikası arasında diplomatik əlaqələrin 30-cu ildönümünü nəzərə alaraq, Vladimir Putin Nikol Paşinyanı ölkəmizə rəsmi səfərə dəvət edib. Dəvət minnətdarlıqla qəbul edilib”, - deyə Kremlin mətbuat xidmətinin məlumatında qeyd olunub. Digər tərəfdən hazırda bölgədə baş verənlər fonunda Putinin Paşinyanı rəsmi səfərə dəvət etməsi, o cümlədən prezident İlham Əliyevin də bu gün gözlənilən görüşü diqqət çəkib.
Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Əlimusa İbrahimov qeyd edib ki, prezident İlham Əliyevin səfərinin bir neçə gün öncə planlaşdırılmasına baxmayaraq, heç şübhəsiz, görüşdə Rusiyanın Donetsk Xalq Respublikası və Luhansk Xalq Respublikasının Rusiya tərəfindən müstəqil dövlət kimi tanınması haqqında müzakirələr aparılacaq:
"Təbii ki, Rusiya bütün dünyanı qəzəbləndirən bu addımının görünməyən, xalq müraciətində açıqlaya bilmədiyi tərəflərini İlham Əliyev və Nikol Paşinyana izah edəcək. Təbii ki, ölkə başçımız həmişə olduğu kimi DXR və LXR ilə əlaqədar məsələdə də neytrallığını saxlayaraq balanslaşdırılmış siyasət yeritməyə üstünlük verəcək. Azərbaycan Rusiya və Ukrayna ilə eyni məsafədə durmağı indiki halda ən əlverişli siyasət kimi tərcih edəcək”.
Müsahibimiz bildirib ki, Ermənistanla münasibətdə məsələlər bir qədər fərqlidir:
"Putin Qazaxıstan hadisələri zamanı Nikol Paşinyanın canfəşanlığını və ölkə daxilində zəif mövqeyini əsas götürərək, ondan DXR və LXR tanınmasını tələb edə bilər. Düşünürəm ki, Ermənistan DXR və LXR-in müstəqil dövlət kimi tanınmasında Rusiya ilə eyni mövqe sərgiləyə bilər”.
Günay Rəsulqızı
Sfera.az






