Logo

Rusiya ilə Qərb arasına “dəmir pərdə” ensə... - Ukrayna gərginliyi hansı ölkələrə sərf edir?

Rusiya ilə Qərb arasına “dəmir pərdə” ensə... - Ukrayna gərginliyi hansı ölkələrə sərf edir?
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Rusiya-Ukrayna gərginliyi davam edir. Prosesin hansı ölkələrə, hansı formada təsir etdiyi isə maraq obyektindədir.
 
Sfera.az-ın məlumatına görə, bununla bağlı REAL partiyasının icraçı katibi Natiq Cəfərli bildirib ki, Ukrayna ətrafında baş verən hadisələrin ən böyük benefisiarlarından biri ABŞ-dır. Onun sözlərinə görə, ABŞ hadisələr nəticəsində Rusiyanı daim gərginlikdə saxlayır, Moskvanın Avropa neft-qaz bazarından sıxışdırılması üçün əlində rıçaqlar yaradır, Ukraynanı "anti-Rusiya” projesinə çevirməklə öz maraqlarını ikinci ən böyük slavyan ölkəsində təmin edir:
 
"Açığı, bu gərginlikdən ən çox uduzan hələ ki, məhz Avropa ölkələridir – Rusiya AB üçün tək "qaz anbarı” və "yanacaqdoldurma stansiyası” deyil, həm də böyük bazar və ciddi iqtisadi dividentlər deməkdir. Əgər "dəmir pərdə” yenidən Rusiya ilə Qərb arasına salınsa, bundan ən çox Avropa ölkələri ziyan görəcəklər. Enerji daşıyıcıları daha da bahalaşacaq, inflyasiya artacaq, Avropa biznesi onmilyardlarla ziyan görəcək. Çin isə bu proseslərdən çox uzaqda görünsə də, gərginlikdən ən çox udan tərəflərdən biridir. Rusiyanı özünə möhtac hala salıb, əgər Rusiyaya qarşı kəskin sanksiyalar olsa, Moskvanın Pekinə möhtaclığı dəfələrlə artacaq. Çin daha ucuz neft-qaz alacaq, Rusiyanın təbii resurlarına daha asan çıxış əldə edəcək”.
 
Partiya üzvü qeyd edib ki, sözügedən proseslər fonunda Rusiya qlobal təhlükəsizlik paradiqmasında uzun müddət iqnor edildiyinin fərqinə vardı:
 
"Dünyanın əsas diqqət mərkəzinə çevrildi, sətraltı mesajlarla, "Krımı tərkibimizdə tanıyın, Ukrayna da buna razı olsun. Krımın güc yolu ilə qaytarılması fikrindən əl çəksin, bəlkə o zaman Ukraynanın NATO-ya daxil olmasına göz yuma bilərik”, deyir. Donbasda 870 min vətəndaş artıq qazanıb, daha 2 milyon da qazana bilər, nəticədə qondarma "DLR və LNR”i də tanıyıb öz hərbi plasdarmına çevirməyi düşünür. Kreml öz addımları ilə AB ölkələri arasına nifaq salıb, maraqlar konflikti yaratmağa nail olub, AB ölkələri arasında Almaniya və Fransa kimi Avropanın təməlini təşkil edən iki ölkə ilə ayrıca təmas kanalları quraraq, "anqlo-sakslar əsrlərdir bizi bir-birimizə qırdırıb, bizim üst-üstə düşən çoxlu maraqlarımız var”, mesajını yaymağa, dərinləşdirməyə çalışır”.
 
N.Cəfərlinin fikrincə, Ukrayna isə Rusiyanın aqressiv və imperialist siyasəti nəticəsində Krımı və Donbasın bir hissəsini itirsə də, dünyanın diqqətini özünə çəkməyə, "Rusiya aqressiyasının Avropaya yayılmamasının son qalası bizik”, mesajını verməyə çalışır:
 
"Gərginlik nəticəsində müasir silahlar və maddi yardımlar alır, ordusunu gücləndirir, NATO standartlarına çatmaq üçün, məsələn, 5 ilə gedəcəyi yolu 1 ilə qət edir. Amma ciddi təhlükələrlə də üz-üzədir – biznes Ukraynadan vəsaitini çıxardır, Ukraynanın siyasi elitasının bir qismi, yüksək məmurlarının bir hissəsi hələ də Kremlə açıq və gizli bağlıdır, ölkə hələ də içdən təmizlənməyib. Çox təəssüf ki, böyük torpaq itkisi ilə üzləşəcək, amma Kremlin caynaqlarından qurtulmaq üçün də böyük şans əldə edəcək”.
 

Günay Rəsulqızı

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR