Türkiyənin Birləşmiş Ərəb Əmirlikləri ilə yaxınlaşması Azərbaycana nə vəd edir?
Son zamanlar Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Türkiyə münasibətlərində müsbət istiqamətdə addımlar müşahidə olunur.
İllərdir, davam edən soyuq münasibət sonlanır...
Maraqlıdır, Türkiyə və BƏƏ yaxınlaşması dünya, xüsusilə Azərbaycan üçün nə vəd edir?
Sfera.az xəbər verir ki, mövzu ilə bağlı Gundem.az-a danışan politoloq Məhəmməd Əsədullazadə BƏƏ-Türkiyə yaxınlaşmasının geosiyasi reallıqdan irəli gəldiyini deyib:
"Türkiyə Yaxın Şərq siyasətini yenidən gündəmə gətirir, çünki geosiyasi vəziyyət sürətlə dəyişir. Türkiyənin Yaxın Şərqlə bağlı strategiyası var və regionda aktiv fəaliyyətdə rəsmi Ankara geri qala bilməz. İranın nüvə ambisiyaları, Suriya və İraqda vəziyyətin hələ də stabilləşməməsi Türkiyənin növbəti mərhələdə Yaxın Şərq və Qərbə qiqqətini artırmağına gətirib çıxarır. BƏƏ də Yaxın Şərqin aparıcı ölkələrindən biridir və Türkiyənin bu ölkə ilə yaxınlaşması regionda gücünü artıracaq. İki ölkə arasında investisiya axını Türkiyənin Yaxın və Orta Şərq ölkələri ilə də əməkdaşlığına yol açacaq”.
Politoloq mövzuya Azərbaycan-Ermənistan kontekstində də toxunub:
"Azərbaycan isə körfəz ölkələri ilə iqtisadi və turizm sahəsində əməkdaşlıq edir. Hesab edirəm ki, Türkiyənin BƏƏ ilə yaxın əlaqələrinin qurulması Azərbaycan üçün də əhəmiyyət kəsb edir. Belə ki, Azərbaycanın körfəz ölkələri ilə əlaqələrini genişləndirməsi beynəlxalq təşkilatların Azərbaycana dəstək verməsi ilə nəticələnəcək. Ermənistanda isə körfəz ölkələrini maraqlandıran iqtisadi potensial yoxdur. Ona görə də BƏƏ-nin Ermənistanla əlaqələr qurmaq istəyi yoxdur”.






