"Azərbaycan sülhə də, müharibəyə də hazırdır" - Deputat
Son günlər sülhməramlıların nəzarətindəki ərazilərdə separatçıların təxribatlarının davamlı xarakter aldığı müşahidə olunur.
Sfera.az bildirir ki, bununla bağlı deputat Ceyhun Məmmədov xatırladıb ki, Tərtərin ərazisinin atəşə tutulması, Xocalıda aktiv tikintinin aparılması, Tranşeylərin qazılması, "Bakcell"in əməkdaşının güllələnməsi, separatçıların davamlı təxribatçı bəyanatlar səsləndirilməsi, "Arsaxın işğalı haqqında” qanun layihəsinin hazırlanması barədə fikirlər və digər təxribat əməlləri bu fikri bir daha təsdiq edir.
Millət vəkilinin sözlərinə görə, sülhməramlıların bu təxribatlara seyrçi qalması, reaksiya verməməsi, bir sıra hallarda dəstəkləməsi haqlı olaraq Azərbaycan cəmiyyətində ciddi narazılıq doğurur:
"Sülhməramlıların əsas missiyası atəşkəsə əməl edilməsinə nəzarət etmək, bölgə xalqları arasında sülhü, qarşılıqlı etimadı, birgə yaşayışı təmin etməkdir. Təəssüf ki, sülhməramlıların bu məsələlərlə bağlı hansısa ciddi addımlar atdıqları müşahidə olunmur. Əksinə, onların başları burada humanitar aksiyalara qarışıb. Bir gün məktəb, ev tikintisi həyata keçirir, su daşıyır, ərzaq paylayır, o biri gün məktəblərdə şagirdlərlə görüşlər keçirirlər. Ermənilər də bundan istifadə edərək öz xəbis və məkrli niyyətlərini həyata keçirməyə davam edir, yeni təxribatlar törətməyə çalışırlar”.
C.Məmmədov təxribatlara mütləq son qoyulmalı olduğunu vurğulayıb:
"Əgər belə təxribatlar davam etsə, bunun cavabı çox sərt və ağır olacaq. Ermənistan konkret mövqe bildirməlidir. Əgər sülh istəyirsə, Azərbaycan sülhə hazırdır. Yox məqsəd müharibə, Azərbaycanın səbrini sınağa çəkməkdirsə, Azərbaycan müharibəyə hazırdır. Ancaq bunun aqibəti ermənilər üçün heç yaxşı olmayacaq”.
Günay Rəsulqızı
Sfera.az






