“Təktərəfli atılan addım humanist addım sayıla bilməz” – Şərh
"Ermənistanın Azərbaycanla dövlət sərhədində və rus sülhməramlılarının müvəqqəti nəzarət etdiyi Qarabağ bölgəsində atəşkəsi pozma halları son günlər artmaqdadır. İkinci Qarabağ savaşından sonra nə Rusiya, nə də Ermənistan imzaladığı 10 noyabr 2020 və 11 yanvar 2021-ci il üçtərəfli bəyannamələrinin şərtlərinə əməl etmək niyyətində olmadıqlarını hər addımda göstərməyə çalışırlar”.
Sfera.az xəbər verir ki, bu sözləri Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzi sədri Samir Hümbətov deyib.
Onun sözlərinə görə, həm Rusiya Prezidenti Vladimir Putinin, həm də Avropa Birliyinin vasitəçiliyi ilə Azərbaycan Prezidenti və Ermənistan baş naziri arasında baş tutan görüşlər, habelə əldə edilən razılaşmalar rəsmi İrəvanın qətiyyətsiz mövqeyi ucbatından nəticəsiz qalıb:
"İstər Soçi, istər Brüssel görüşü, istərsə də son videokonfrans vasitəsilə keçirilən görüşdə əldə edilən istənilən razılaşma Ermənistan tərəfindən pozulub. Demək olar ki, Azərbaycan tərəfi erməni terrorçu diversantlarının böyük hissəsini qaytarmasına baxmayaraq, Ermənistan hələ də Azərbaycanın bəzi tələblərini yerinə yetirmək niyyətində olmadığını göstərir. O zaman sual oluna bilər ki, Ermənistan kimə və nəyə güvənərək bu addımları atır? Onun belə addımlar atmasına stimul verən amillər nələrdir?
Görünən odur ki, 10 noyabr 2020-ci il üçtərəfli bəyannamə ilə Azərbaycanın Qarabağ bölgəsində "sülhməramlı fəaliyyət" həyata keçirənlər və Qərbin münaqişədə maraqlı olan bir sıra qüvvələri Ermənistan vasitəsilə pərdəarxası oyun oynamaq niyyətindədir. Məhz buna görədir ki, erməni silahlı terrorçuları hələ də Qarabağ bölgəsindən çıxarılmır.
Hadisələrin gedişindən belə qənaətə gəlmək olar ki, həm Rusiya, həm də Qərb ölkələri ermənilərin əli ilə müxtəlif formalı manipulyasiyalar etməkdə maraqlıdırlar. Ona görə də Ermənistanın əldə edilən razılaşmalardan boyun qaçırması bundan sonra da ehtimal edilə bilər. Fikrimcə, bu məsələ indiki halda bizim üçün o dərəcədə əlverişli olmasa da 5 ilin tamamında əlimizi gücləndirməyə ciddi dəstək ola bilər”
Turan Rzayev





