“Qardaş ölkənin konsulluğunun Şuşada açılması da müzakirə edilə bilər....” - Açıqlama
Gözlənildiyi kimi bu gün Milli Məclisin plenar iclasında Şuşa Bəyannaməsi təsdiqləndi. Şuşa Bəyannaməsi təsdiqləndiyi bir vaxtda Azərbaycan müdafiə naziri Zakir Həsənovun Türkiyəyə səfərə yola düşməsi diqqət çəkib.
Maraqlıdır, müdafiə nazirləri arasında Ankarada baş tutan görüşdə nələr müzakirə ediləcək?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin sədr muavini politoloq Teymur Qasımlı deyib ki, Azərbaycan parlamentinin Şuşa Bəyannaməsini təsdiqləməsini təqdirəlayiq addımdır:
"Şuşa Bəyannaməsi daha da genişləndirilməli, yeni danışıqlarla əlavə müddəalar salınmalıdır. Məsələ ondadır ki, Şuşa Bəyannaməsi Azərbaycan Respublikasının silahlı qüvvələrinin təkmilləşməsi üçün olduqca vacibdir və geniş imkanları özündə ehtiva edir. Aydın məsələdir ki, Azərbaycan müdafiə naziri Zakir Həsənovun da Türkiyəyə səfəri məhz Şuşa Bəyannaməsi ilə əlaqədardır. Məlum olduğu kimi cənab nazir bundan öncə İrana səfər etmişdi. Hər iki səfəri ortaq qılan başlıca məsələ şübhəsiz ki, yeni silahların alınması və ordunun təkmilləşməsidir. Lakin bütövlükdə Türkiyəyə səfər iki ölkə arasında imzalanan mövcud razılaşmaların təkmilləşdirilməsi və əlaqələrin genişləndirilməsinə hesablanıb.
Hesab edirəm ki, görüş zamanı Türkiyənin konsulluğunun Şuşada açılması məsələsi də müzakirə edə bilər. Hətta Türkiyənin hərbi attaşesinin məhz Şuşada yerləşməsi məsələsi də aktual ola bilər”.Turan Rzayev






