“Biz qonşumuz Ermənistanla əlaqələr qurmaq istəyirik...” – Deputatdan AÇIQLAMA
"Artıq Minsk qrupunun vasitəçiliyi şübhə altındadır. Lakin yenə də biz bütün tərəfləri sülh prosesində fəal iştirak etməyə dəvət edirik”.
Bunu Sfera.az-a açıqlamasında deputat Müşfiq Cəfərov deyib. Millət vəkili Ermənistan tərəfində siyasi iradənin olmaması səbəbilə vasitəçi ölkə olmadan ikitərəfli görüşün keçirilə bilmədiyini deyib:
"Bildiyimiz kimi, Birinci Qarabağ müharibəsindən sonra münaqişədə əsas vasitəçi rolunu həmsədrlər - ABŞ, Rusiya və Fransa oynayırdı. Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in prinsipləri əsasında danışıqlar vasitəsi ilə həlli üçün yaradılmış Minsk qrupu uzun müddət əməli heç bir tədbir görmədi. Bu qurum məsələnin həllini uzatmaqda davam edirdi. Artıq Minsk qrupunun vasitəçiliyi şübhə altındadır. Lakin yenə də biz bütün tərəfləri sülh prosesində fəal iştirak etməyə dəvət edirik. Düşünürəm ki, burada yeni fiqurlara ehtiyac var. Dövlətimiz dəfələrlə danışıqlar prosesində Minsk qrupu ilə yanaşı Türkiyəni aktiv şəkildə cəlb etmək istəyini bəyan edirdi.
Bütün hallarda bu gün Azərbaycanın razılığı olmadan bu bölgədə hər hansı bir təşəbbüs gerçəkləşə bilməz. Təəssüf ki, Ermənistan tərəfində güclü "siyasi iradə" olmadığından iki ölkə özləri heç bir vasitəçi olmadan sərhədlərin delimitasiyası, sülh müqaviləsi və digər məsələləri həll edə bilmir və bölgədə uzunmüddətli sülhə nail olunmur. Növbəti görüşün Bakıda olması ilə böyük bir siyasi iradə nümayiş etdirmək olardı”.
Deputat Nikol Paşinyanın Tükiyədə görüşün keçirilməsi ilə bağlı fürsəti dəyərləndirməli olduğunu da qeyd edib:
"Məhz heç bir vasitəçi olmadan iki ölkə rəhbərliyinin görüşü və ya vasitəçilərlə belə baş tutsa, bu regionda sülh prosesinə, tərəqiyyə mühüm töhfə verə bilər. Azərbaycan üçün Türkiyə-Rusiya əməkdaşlıq formatı dəstəklənir. Əgər Moskvada 3 tərəfli görüş olubsa, niyə Türkiyədə də olmasın? Buna əngəl ola biləcək ciddi siyasi amil yoxdur. Bu, həm Türkiyə ilə münasibətlərin yumşalması elə Ermənistanın özü üçün böyük şans olardı. Hesab edirəm ki, Nikol Paşinyan bu fürsəti dəyərləndirməli, hətta əldən verməməlidir. Biz qonşumuz Ermənistanla əlaqələr qurmaq istəyirik. Biz sülh razılaşması, delimitasiya, kommunikasiyaların açılması ilə bağlı danışıqlara başlamağa hazırıq. Düzdür, bu proses qismən başlayıb. Lakin düşünürəm ki, əgər Ermənistan siyasi iradə göstərsə, proses tezliklə başa çatar”.Əzizə Zeynal






