Xələf Xələfovdan Türkiyə-Ermənistan dialoqu barədə - AÇIQLAMA
Sfera.az Trend-ə istinadən xəbər verir ki, bu fikirləri xarici işlər nazirinin müavini Xələf Xələfov Azərbaycanla Türkiyə arasında diplomatik münasibətlərin bərpasının 30 illiyi ilə bağlı keçirilən fotosərgidə səsləndirib.
Bölgədə sülhün, sabitliyin yaranması üçün bu prosesə bütün region ölkələrinin dəstək verməli olduqlarını söyləyən nazir müavini deyib:
"İlk növbədə bu, erməni xalqının, daha sonra regionun digər ölkələrinin və xalqlarının mənafeyinə, maraqlarına cavab verir. Ona görə də bu prosesləri davam etdirmək lazımdır və təbii ki, biz bu prosesi dəstəkləyirik. Bunun davamlı olması, etimadın daha da gücləndirilməsi üçün ölkələr arasında kommunikasiyalar açılmalıdır, əlaqələr bərpa olunmalıdır, normallaşdırılmalıdır.
Birmənalı olaraq düşmənçilik əhval-ruhiyyəsi, düşmənçiliyə yönəlmiş ideologiya basdırılmalıdır, gündəlik həyatdan çıxarılmalıdır, bundan imtina edilməlidir. Əgər Ermənistan bu gün düşmüş olduğu ağır sosial, iqtisadi, siyasi böhrandan çıxmaq istəyirsə, təbii ki, o, regionda apardığı, indiyə qədər sərgilədiyi münasibətləri və siyasəti dəyişməli, xoş niyyət nümayiş etdirməli, normallaşmağa getməli, düşmənçilikdən imtina etməli, ölkələrin bir-birinə qarşı etimadını qazanmalıdır.
Bu etimadın bərpa olunması üçün ölkələr bir-birinin suverenliyinə, ərazi bütövlüyünə, sərhədlərinin toxunulmazlıq məsələlərinə sadiqliyini göstərməlidir. Bütün bunlar baş verməsə bu prosesi irəli aparmaq əlbəttə çətindir.
Lakin Türkiyə ilə Ermənistan arasında normallaşma prosesi və məqsədlənmiş dialoqun başlanmasını alqışlayırıq. Ümid edirik ki, bu dialoq nəticəsində, ümumiyyətlə, regionda münasibətlərin sağlamlaşması daha da güclənəcək və Azərbaycan-Ermənistan arasında normallaşma sürətlə gedəcək. Həmçinin, üçtərəfli Bəyanatdan irəli gələn öhdəliklərin yerinə yetirilməsi sürətlənəcək və daha da uğurlu olacaq”.






