Erməni təxribatlarının qarşısı bu yolla alına bilər – Deputat
Ermənistanla sərhəddə toqquşmaların davam edəcəyi və bunun delimitasiya-demarkasiya üzrə razılaşmanın praktiki icrasını sürətləndirəcəyi ilə bağlı iddialar var.
Maraqlıdır, son vaxtlar artan təxribatlar bu prosesi sürətləndirə bilərmi? Bununla əlaqədar nə kimi addımlar atılmalıdır?
Məsələ ilə bağlı Sfera.az-a danışan deputat Cavid Osmanov hazırkı məqamda delimitasiya və demarkasiya məsələsinin icrası üçün İşçi Qrupun fəaliyyətə başlamalı olduğunu bildirib:
"Ermənistan tərəfindən zaman-zaman törədilən təxribatların qarşısı Azərbaycan Silahlı Qüvvələri tərəfindən qətiyyətlə alınır və bundan sonra da belə olacaq. Azərbaycan ordusu ərazi bütövlüyünü qətiyyətlə təmin edib və istənilən təxribata layiqli cavab verə bilər. Eyni zamanda Ermənistan tərəfindən törədilən təxribatlar birbaşa Ermənistanın hərbi siyasi rəhbərliyinin üzərinə düşür. Onlar iki dövlət arasında münasibətlərin normallaşması istiqamətində addımlar atmaq əvəzinə, sərhəddə belə təxribatlar törədirlər. Bununla da ermənilər bölgədə ümumi vəziyyəti gərginləşdirirlər. Ötən ilin noyabrında Soçidə keçirilmiş görüşdə ciddi irəliləyişlər əldə olunmuşdu. İndi biz sərhədlərin delimitasiya və demarkasiya məsələlərinə toxunmalıyıq, çünki qərar alınmışdı ki, bu istiqamətdə İşçi Qrup yaradılsın”.
Deputat ermənilərin sərhədboyu təxribatlarının davamlı olmayacağını da diqqətə çatdırıb:
"Digər tərəfdən iki dövlətin müəyyən qurumları arasında birbaşa təmasların olması, Brüsseldə əldə olunan razılıqlar münasibətlərin normallaşmasına istiqamətlənib. Sərhədlərin delimitasiya və demarkasiyası məsələsi də bu yolda atıla biləcək ilkin addımlardan biridir. Ermənistan tərəfinin təxribatlarının davamlı olması mümkün deyil, çünki onlar bundan sonra hansısa təxribat törədərsə, onun cavabı layiqli şəkildə veriləcək. Bundan başqa sərhədlərin müəyyənləşdirilməsi qarşıdurmaya mane olacaq”.Əzizə Zeynal






