Kirayədə qaldığı iddia edilən deputatla bağlı YENİ XƏBƏR - "Evi var, o siyahıya adının niyə əlavə edildiyini bilmirik"
Bir müddət bundan əvvəl, kirayədə qalan deputatlarla bağlı xəbər sosial medianın əsas müzakirə obyektinə çevrilmişdi.
Sfera.az bildirir ki, məsələ Milli Məclisin həmin ərəfələrində keçirilən iclasında deputat Razi Nurullayevin evsiz deputatların kirayə haqlarının qaldırılması ilə əlaqəli təklifindən sonra gündəmə gəlmişdi. Ardınca vətəndaşların çoxu deputatların şəxsi mənzillərinin olmaması və kirayədə qalması məsələsinə təəccüblənmiş, hətta buna inanmadıqlarını dilə gətirənlər də olmuşdu.
Buna baxmayaraq, dərhal sonra kirayə mənzillərdə qalan millət vəkillərinin adları açıqlanmışdı. Xatırladaq ki, həmin məlumatda hazırda parlamentin tərkibində müxtəlif rayonları təmsil edən 12-yə yaxın deputatın Bakıda kirayə mənzillərdə qaldığına görə aylıq 220 manat kirayə pulu aldığı qeyd olunmuşdu. Sözügedən deputatlar siyahısında Emin Hacıyev, Cavid Osmanov, Anar Məmmədov, Vüqar İskəndərov, Ramil Həsən, Cəbi Quliyev, Ülviyyə Həmzəyeva, Müşfiq Cəfərov, Pərvin Kazımzadə, Naqif Həmzəyev və digərlərinin adları yer alırdı.
Lakin məsələ orasındadır ki, bu siyahının reallığa uyğun olub-olmadığını hələ də heç kim bilmir. Adıkeçən deputatlardan bəziləri bunu təsdiqləsə də, bəziləri susmağa üstünlük verdi.
Siyahıda qeyd olunan adlardan biri haqqında yeni məlumat yayılıb. Söhbət Milli Məclisin gənc deputatlarından olan Məmmədov Anar İlyaz oğlundan gedir. Belə ki, jurnalist Cavanşir Həsənli Anar Məmmədovun Ukraynanın Dnepr şəhərinin mərkəzində, Şmidt küçəsi 15-də yerləşən "Bakı" adında binanın 21-ci mərtəbəsində mənzili olduğunu yazıb.
Sfera.az-ın əldə etdiyi məlumata görə isə, Anar Məmmədovun adı kirayədə qalan deputatlar siyahısında olsa da, əslində onun belə bir müraciəti olmayıb. Hətta millət vəkilinin yaxın ətrafı da bildirir ki, həmin siyahıda niyə Anar Məmmədovun adının olduğu, siyahıya onun hansı səbəbdən əlavə edildiyi məlum deyil. Tam əksinə Anar Məmmədov imkanlı və xeyriyyəçi bir ailənin təmsilçisidir. "Odur ki, informasiya dəqiqləşdiriləndən sonra yayılmalıdır”, - deyə mənbədən qeyd edilib.
Adı çəkilən digər deputatların da mövqeyini işıqlandırmağa hazırıq.
Türkan
Sfera.az






