“NATO Kreml ilə qarşı-qarşıya gəlməyəcək” – ŞƏRH

Siyasət
12:22 / 24.12.2021
354
Rusiya-Ukrayna sərhədində bir müddətdir ki, gərginlik yaşanır. Digər tərəfdən gərginlik həm də Rusiyanın Qərblə münasibətlərində müşahidə olunur. Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov Rusiyanın Ukrayna sərhədlərinə yaxın 200 km məsafədə 122 min, 400 km məsafədə isə 143,5 min hərbçi və çoxsaylı hərbi texnika topladığını açıqlayıb.
Maraqlıdır, indiki halda Rusiya həqiqətən Ukrayna ilə müharibə etmək niyyətindədir?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq İlqar Vəlizadə deyib ki, nə Rusiya, nə də ABŞ regionda aktiv müharibənin olmasını istəyir.
"Tərəflər arasında sərt bəyanatlar, ritorikalar olsa da, hesab edirəm bunlar mahiyyət etibarilə səthidir. Məsələ ondadır ki, hazırda Rusiya ilə NATO arasında gərginlik müşahidə edilsə də, paralel olaraq danışıqlar da gedir. Bənzər proses ABŞ-la da gedir. Yəni bu belə özlüyündə sübut edir ki, tərəflər nəinki müharibə etmək, hətta gərginliyin artmasını istəmir.
NATO-nun Rusiya sərhədlərinə yaxınlaşması Kremli çox narahat edir. Təbiidir ki, buna cavab olaraq rəsmi Moskva da gücünü göstərir. Digər tərəfdən, NATO da geri addım atmaq niyyətində deyil. Bu da normaldır. NATO Rusiyanın hansısa tələbi qarşısında geri addım atsa, bu alyansın nüfuzuna ciddi zərbə vurar”.
İ.Vəlizadə hesab edir ki, nə Ukrayna, nə də Gürcüstan yaxın gələcəkdə NATO-ya üzv ola biləcək:
"NATO bunun nələrə səbəb olacağını yaxşı anlayır. Buna görə də Rusiya ilə gərginliyin artmaması üçün Kiyev və Tiflisi alyansa almaq istəmir. Bununla belə bu ölkələri itirmək də istəməyən alyans fərqli proqramlar adı altında onları Kremldən uzaqlaşdırmağa çalışacaq. Nəticə etibarilə, NATO Krem ilə qarşı-qarşıya gəlməyəcək. Müharibə ehtimalı isə real deyil”.
Turan Rzayev
Sfera.az