“Düşünmürəm ki, dərin anlaşmalar olsun...” – Gürcüstan “3+3” platformasına qatılacaq?
Gürcüstan "3+3” regional əməkdaşlıq platformasının Moskvada keçirilən ilk iclasından imtina etsə də, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ötəngünkü çıxışında sözügedən ölkənin iştirakının gözlənilən olduğunu deyib.
"Moskvada görüşümüz oldu, Gürcüstan qatılmadı. Amma növbəti görüş Ankarada keçiriləcək və bu görüşdə Gürcüstanın da iştirak edəcəyini gözləyirik”, deyə nazir bildirib.
Maraqlıdır, Gürcüstan gözlənilən addımı atacaqmı? Növbəti görüş nələr vəd edir?
Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Teymur Qasımlı xatırladıb ki, Moskvada 3+3 platforması çərçivəsində keçirilən görüş müəyyən mənada tanışlıq mahiyyəti daşıyıb və fikir mübadiləsi gedib:
"Qaldı ki, Türkiyə Xarici işlər naziri Mövlüd Çavuşoğlunun Gürcüstanla bağlı fikirlərinə, belə olacağını düşünmürəm. Gürcüstan rəsmi dövlət səviyyəsində deyib ki, biz bu platformada yoxuq və iştirak etməyəcəyik. Ankarada keçirilməsi planlaşdırılan görüşlə əlaqəli isə onu deyə bilərəm ki, burada müəyyən müzakirələr aparılacaq, kompramislər, razılaşmalar ola bilər. Amma düşünmürəm ki, dərin anlaşmalar olsun”.Müsahibimiz qeyd edib ki, 3+3 platformasına Gürcüstanı çıxmaqla, İranla Ermənistan könülsüz dəstək olublar: "Onlar burada sadəcə siyasi manevr kimi iştirak edirlər. Bu platformanın gələcəkdə nə qədər uğurlu olacağını zaman göstərəcək”.
Günay Rəsulqızı





