“Merkelin gedişi Qərbin uğurudur” - Avropada YENİ DÖVR

Siyasət
11:04 / 04.12.2021
628
"Merkelin siyasətdən getməsi Qərbin "soyuq müharibə"nin bitməsindən bəri bəlkə də ən böyük uğurudur”.
Sfera.az bildirir ki, bunu siyasi şərhçi Şahin Cəfərli deyib. Onun sözlərinə görə, Merkel özünü beynəlxalq siyasətdə faktiki olaraq, Putinin Almaniya, Avropa Birliyi və NATO-dakı səlahiyyətli nümayəndəsi kimi aparırdı:
"Rusiyanın revanşizmində, Gürcüstanı və Ukraynanı işğal etməsində, transatlantik bölünmələrdə Merkelin rolu böyükdür. Onun gedişi ilə Almaniya daha atlantikçi siyasət yeridəcək. Yeni hökumət hələ fəaliyyətə başlamamış bu, artıq hiss olunur. Əlbəttə ki, Almaniyada istənilən hökumət böyük biznesin maraqlarını az və ya çox nəzərə almaq məcburiyyətindədir, amma yeni dövrdə Merkel dönəmindəki qədər aşırı praqmatizm və Qərbin bütövlüyünə zərər vermək bahasına Rusiya ilə strateji tərəfdaşlığı ilk sıraya qoymağı da gözləmirəm. Koalisiya ortaqları - yaşıllar və azad demokratların xətti mütləq Almaniyanın xarici siyasətində özünü göstərəcək”.
Ş.Cəfərli qeyd edib ki, yeni dönəmdə istər Rusiya, istərsə də Çinlə bağlı siyasətini anqlo-sakson dünyası ilə daha yaxından koordinasiya edəcək bir Almaniya və AB görəcəyik:
"Yeni siyasətin benefisiarlarından biri də Ukrayna olacaq. Yaşıllar ABŞ sistem partiyalarından sonra Ukraynaya net dəstək verən əsas Qərb siyasi institutlarından biridir. Yaşılların həmsədri, yeni hökumətin iqtisadiyyat və iqlim naziri Robert Habek seçki ərəfəsində Ukraynaya səfər etdi və cəbhə xəttinə də gedərək Almaniyanın bu ölkəyə silah satması barədə məsələ qaldıran ilk alman siyasi lider oldu. Rusiyanın son həftələr Ukraynaya qarşı təzyiqin dozasını çox ciddi şəkildə yüksəldərək birbaşa hərbi müdaxilə təhdidi ilə çıxış etməsinin əsas səbəbi də Qərb geosiyasətindəki bu yeni mərhələ ilə əlaqədardır. Rusiya bu mərhələdə Ukrayna məsələsində istədiyini əldə edə bilməsə, hər keçən gün bunun daha çətin olacağını hesablayır”.
Günay Rəsulqızı
Sfera.az