Logo

Gücün, nüfuzun və lider qətiyyətinin ifadəsi

Gücün, nüfuzun və lider qətiyyətinin ifadəsi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycanı tarixinin ən qürətli dövlətinə çevirən Prezident İlham Əliyevin yürütdüyü tam müstəqil siyasət ölkəmizin siyasi çəkisini günü- gündən artırır.

Məhz bu siyəsətin nəticəsidir ki, Azərbaycan beynəlxalq birliyin etibarlı tərəfdaşı kimi qəbul olunur.

Ötən həftə Prezidentin Soçi və Aşqabad görüşlərindəki siyasi gedişi, irəli sürdüyü təklif və çağırışları dövlət başçısının qətiyyətli xarici siyasətinin növbəti təntənəsi kimi qiymətləndirilməlidir. Çünki həm Soçidə keçirilən üçtərəfli görüşdə qəbul olunan sənəddə, həm də Aşqabadda İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə Görüşünün yekun Bəyanatında əksini tapan müddəalar Azərbaycan dövlətinin və xalqının maraqlarına xidmət edən reallıqlar oldu.

Soçi görüşündə məğrur və qalib komandan kimi çıxış edən Prezident İlham Əliyev diplomatik davranışları ilə bir daha regional sülhə töhfə verdiyini dünyaya nümayiş etdirdi. Ermənistanin baş naziri Nikol Paşinyan isə hər zamankı kimi məyus, məğlub görkəmdə sənəddə qeyd edilən şərtləri qəbul etmək məcburiyyətində idi.

Prezidentin Türkmənistanda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə Görüşündə iştirakı və səfər çərçivəsində təşkilata üzv dövlətlərin liderləri ilə keçirdiyi təkbətək görüşləri isə olduqca əhmiyyətli hadisələr kimi tarixə yazıldı.

Azərbaycan 1992-ci ildən, yəni 29 ildir ki, İƏT-lə fəal əməkdaşlıq edir və təşkilata üzv dövlətlərlə münasibətlər dostluq və qarşılıqlı hörmətə əsaslanır.

Ümumiyyətlə, İƏT-in üzvü olan ölkələr bir neçə beynəlxalq platformada, xüsusən də İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı çərçivəsində sıx əməkdaşlıq edirlər. Azərbaycan üzv olduğu bütün təşkilatlarda dövlətlərlə həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlıqda ən etibarlı tərəfdaş kimi tanınır. Bu etimadın nəticəsidir ki, İqtisadi Əməkdaşlıq Təşkilatının Aşqabad Bəyannaməsində üzv dövlətlər Azərbaycanın 44 günlük Vətən müharibəsindəki Şanli Zəfərinə görə ölkəmizi təbrik edir və respublikamızla işbirliyində maraqlı olduqlarını bəyan edirlər. Burada maraqlı digər məqam  da var.  İƏT-in üzvü olan 3 ölkə - Qazaxıstan, Qırğızıstan və Tacikistan həm də Ermənistanın təmsil olunduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvləridirlər. Yəni, bu 3 ölkənin digər üzv dövlətlərlə birlikdə Azərbaycanı ərazi bütövlüyünün bərpası münasibətilə təbrik etmələri ölkəmizlə olan münasibətlərə verilən yüksək əhəmiyyətlə yanaşı, Ermənistana olan münasibəti də əks etdirir. Bəlli olur ki, Ermənistan, hətta təmsil olunduğu hərbi-siyasi blokda da heç bir dəyərə malik deyil.

Bəyannamədə Azərbaycan xalqı və hökumətinə 30 illik işğala son qoyulması ilə bağlı ünvanlanan təbrik, şübhəsiz ki, təsadüfi deyil. Bu, ölkəmizin beynəlxalq nüfuzuna, Azərbaycan xalqının mübarizə əzminə, Prezident İlham Əliyevin qətiyyətli və uzaqgörən siyasətinə, diplomatik məharətinə verilən yüksək dəyər, Azərbaycan dövlətinin beynəlxalq hüququn norma və prinsiplərinə söykənən ədalətli mövqeyinin dəstəklənməsidir.

Prezident İlham Əliyevin Zirvə Görüşündəki çıxışı, xüsusən də Azərbaycanın son 18 ildə əldə etdiyi nailiyyətlər barədə ətraflı məlumat verməsi, qlobal pandemiya ilə mübarizədə tutduğu mövqe və investisiyalara açıq ölkə olduğunu bəyan etməsi ölkəmizə olan marağı daha da artırmış oldu. Bununla yanaşı, Prezident çıxışının ən önəmli hissəsində Zəngəzur dəhlizinin artıq reallığa çevrilməsi haqqında məlumat verərək İƏT üzvlərini birgə əməkdaşlığa çağırdı. Bu isə o deməkdir ki, Avrasiyanın yeni nəqliyyat dəhlizi Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin önəmli hissəsinə çevriləcək. İqtisadi Əməkdaşlıq Təşkilatının üzv ölkələri də bu dəhlizdən istifadə edəcəklər. Beləliklə, Azərbaycan Cənubi Qafqaz regionunda ən mühüm tranzit-logistik mərkəzə çevriləcək.

Bir sözlə, Prezident İlham Əliyevin İƏT-in Zirvə Toplantısındakı çıxışı Azərbaycan dövlətinin gücünün, nüfuzunun, sürətli inkişafının göstəricisi və lider qətiyyətinin ifadəsi idi.

Könül NURULLAYEVA, Milli Məclisin deputatı

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR