“Kremlin növbəti provokasiyalarına hazır olmalıyıq” – Ekspertdən xəbərdarlıq

“Kremlin növbəti provokasiyalarına hazır olmalıyıq” – Ekspertdən xəbərdarlıq
"Bu vacib anlaşmadır. Türkmənistan, Azərbaycan, İran, həm də Avropa qazanacaq”.
 
Sfera.az bildirir ki, bunu iqtisadçı-ekspert Natiq Cəfərli ötən gün Aşqabadda İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 15-ci sammiti çərçivəsində Azərbaycan, İran və Türkmənistan arasında imzalanan qarşılıqlı qaz tədarükü üzrə üçtərəfli sazişdən danışarkən deyib.

Onun sözlərinə görə, hələ 90-ci illərdən Türkmənistan qazının Azərbaycana, sonra isə boru kəmərləri ilə Avropaya nəql edilməsi ciddi müzakirə mövzusu idi:

""Nabukko" layihəsinin müzakirəsi zamanından bu məsələ gündəmdə idi. Rusiyanın Xəzərin dibi ilə "TransXəzər" boru kəmərinin çəkilməsinə ciddi maneə yaradırdı. Xəzərin statusu ilə bağlı sənədə əlavə olaraq "Ekoloji protokolun" imzalanması "TransXəzərin" reallaşdırılması məsələsini ciddi sual altına qoydu. Amma Türkmənistanda baş tutan görüşdə mühüm qərarlar alındı, məsələnin həlli yolu tapıldı: Türkmənistan öz sərhəddində İrana qaz verəcək, İran o qazla sərhəddə yerləşən yaşayış məntəqələrini qazlaşdıracaq, əvəzində artıq mövcud olan İran-Azərbaycan qaz boru kəməri vasitəsi ilə bizə eyni həcmdə qaz ötürəcək. Azərbaycan isə həmin qazı TANAP və TAP vasitəsi ilə Avropaya çatdıracaq”.

Ekspertin fikrincə, İran bu razılaşmaya həm də ona görə imza atdı ki, Vyanada İranın nüvə məsələsi ilə yeni danışıqlar başlayıb:

"Rəsmi Tehran sanksiyalardan qurtulmağa çalışır. AB-yə isə daha çox qaz lazımdır ki, Moskvanın təsirlərini azaltsın. Lakin bu anlaşma rəsmi Kremlin xoşuna gəlməyəcək, növbəti provokasiyalara hazır olmalıyıq. Həm də yavaş-yavaş  Moskva ilə danışıqlar üçün əlavə alətlər əldə etməliyik. Bunlardan biri qaz məsələsi olacaqsa, digəri də Türkiyənin ölkəmizdə hərbi təlim mərkəzlərinin yaradılması qərarı olmalıdır”.

Qeyd edək ki, ötən gün imzalanan sazişə əsasən, Türkmənistan İran vasitəsilə Azərbaycana ildə 1,5-2 milyard kubmetr qaz tədarük edəcək. Çatdırılmalar dekabrın 22-də başlayacaq.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR