Ceyhun Bayramov ABŞ Dövlət Katibinin köməkçisi ilə telefonla danışdı
Sfera.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Karen Donfrid Azərbaycan və Ermənistan sərhədində yaşanan gərginlikdən narahatlığını ifadə edib, hər iki tərəfi deeskalasiyaya və fikir ayrılıqlarını sülh yolu ilə həll etməyə çağırıb.
Nazir Ceyhun Bayramov son günlərdə Ermənistan tərəfindən məqsədyönlü şəkildə törədilən silsilə təxribatçı addımlar barədə qarşı tərəfə ətraflı məlumat verib. Nazir bölgədə vəziyyətin gərginləşməsi məsuliyyətinin bilavasitə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyünü vurğulayıb.
Azərbaycanın beynəlxalq hüququn prinsipləri əsasında Ermənistanla delimitasiya prosesinə başlamağa hazır olduğu, lakin Ermənistan tərəfindən buna qarşılıq verilmədiyi qeyd olunub.
Telefon danışığı zamanı tərəflər, həmçinin üçtərəfli bəyanatların icrası və digər regional təhlükəsizlik məsələləri ərtafında fikir mübadiləsi aparıblar.






