ABŞ Yunanıstana hərbi qüvvə cəmləyir: Hədəf Türkiyədir, yoxsa... ?
Məsələ ondadır ki, Evros bölgəsi Türkiyə-Yunanıstan sərhədinə çox yaxındır. Bu ərazi Qərbi Trakya bölgəsində yerləşir. ABŞ-ın Yunanıstan-Türkiyə sərhədində birdən-birə bu qədər hərbi texnika və hərbçi cəmləməsi bəzi suallar yaradır.
ABŞ Yunanıstanı Türkiyəyə qarşı silahlandırır?
Rəsmi Vaşinqtonun Yunanıstan-Türkiyə sərhədinə yaxın bir əraziyə bu dənli hərbi qüvvə cəmləməsi təbii olaraq bunun Türkiyəyə qarşı ola biləcəyi versiyasını aktuallaşdırır. Lakin düşünmürəm ki, indki halda ABŞ-ın hədəfi Türkiyədir və o məhz Türkiyəyə qarşı Yunanıstanı silahlandırır.
Düzdür, Türkiyə-ABŞ münasibətləri əvvəlki kimi deyil. Ankara və Vaşinqton arasında soyuq küləklərin əsməsi hərkəsə məlumdur. Dolların bahalaşması fonunda lirənin sürətlə ucuzlaşması da iki ölkə arasında münasibətlərin yaxşı olmadığını göstərir. Lakin bütün bunlara baxmayaraq, ABŞ-ın həm də Türkiyəyə ehtiyacı var. Xüsusilə, Yaxın Şərqdə Suriya, İraq, Ukrayna, hətta Qarabağ məsələlərində də Türkiyənin varlığı və sərgilədiyi mövqe Vaşinqton üçün məqbuldur. Vaşinqton strateji müttəfiqi adlandırdığı Ankara ilə körpüləri tam qoparmaq niyyətində deyil. Ümumiyyətlə, bunun olacağını da düşünmürəm.
O ki qaldı ABŞ-ın məhz Evros (Dədəağac) bölgəsinə hərbi qüvvə cəmləməsinə, deyə bilərəm ki, Evros təkcə Türkiyə sərhədinə yaxın bir ərazi deyil, həm də liman şəhəridir. Bu da ondan xəbər verir ki, ABŞ-a məxsus hərbi qüvvələr Yunanıstanda uzun müddət qalmayacaq, buradan başqa ölkələrə də göndəriləcək.
Ehtimal ki, hərbçilərin və texnikanın bir qismi buradan Rumıniya və Bolqarıstana yönləndiriləcək. Yəni ABŞ heç də Türkiyəyə qarşı Yunanıstanı silahlandırmır, əksinə Yunanıstan ərazisindən müvəqqəti istifadə edir. Beləliklə, Vaşinqtonun hədəfi Türkiyə deyil, tamamilə fərqlidir.
Zelenskinin xəbərdarlığı Vaşinqtonu hərkətə gətirdi
Ukraynanın şərqində baş verən son toquşmalar fonunda Kreml Kiyevin cəsarətini qırmaq və separatçıların təhlükəsizliyini təmin etmək üçün Ukrayna sərhədində 100 min qoşun cəmləyib. Qoşunların sayı haqda məlumatlar şişirdilmiş ola bilər, lakin nəticə etibarilə Rusiya bu addımı ilə ən az Kiyev qədər qərarlı olduğunu bir daha nümayiş etdirdi.
Rusiyanın bu addımı sonrası isə Ukrayna Prezidenti Vladimir Zelenskinin "Rusiyanın Ukrayna sərhədi yaxınlığına 100 minlik qoşunu yerləşdirilməsi Kiyevi təəccübləndirmir və qorxutmur” sözləri diqqət çəkdi. Zelenskinin bu sözləri həm də Vaşinqtona edilən açıq xəbərdarlıq idi. Yəni baxın Rusiya gedişini etdi, sıra sizdədir.
Təsadüfi deyil ki, Rusiyanın sərhəddə 100 min qoşun cəmləməsi və Zelenskinin məlum çıxışı sonrası ABŞ və Ukrayna arasında strateji tərəfdaşlıq haqqında Xartiya imzalandı. İki ölkə arasında imzalanan Xartiyanın Ukraynanın ərazi bütövlüyünün bərpasına kimi qüvvədə qalacağı da xüsusi vurğulanıb.
Sənəddə, həmçinin qeyd olunub ki, Birləşmiş Ştatlar Ukraynanın NATO istəklərini dəstəkləyir. Bundan əlavə, ABŞ Krımı heç vaxt Rusiya ərazisi kimi tanımayacağını bəyan edir, "Normand formatını” dəstəkləyir, lakin əmindir ki, Rusiya Donbasdakı münaqişəni idarə edir. Yəni Vaşinqton bununla demək istəyir ki, Kreml nə qədər ki, separatçıları dəstəkləyəcək, o da öz növbəsində Ukraynanı dəstəkləyəcək. Prinsip etibarilə, ABŞ-ın Yunanıstanın Evros (Dədəağac) bölgəsinə cəmlədiyi hərbi qüvvə də bu dəstəyin əyani sübutudur. Bu qüvvələrin bir qisminin Bolqarıstan və Rumıniyaya göndəriləcəyini demişdim. Həmin ölkələr isə Ukraynaya Yunanıstan da yaxındır. Vaşinqton Yunanıstan, Bolqarıstan və Rumıniya üzərindən ehtimal hərbi toqquşma zamanı bu və başqa formada yardım edə biləcəyini əyani surətdə göstərir”.
Vaşinqtonu və Moskvanı narahat edən Ankara faktoru
Rusiya və ABŞ Ukrayna münaqişəsində hər nə qədər iki rəqib olsalar da, bu iki super gücü narahat edən ortaq bir məsələ var. Söhbət Ukraynanın tədricən Türkiyə təsirinə düşməsindən gedir. Məsələ ondadır ki, Ukrayna uzun müddətdir ki, Qərbin və ABŞ dəstəyini tələb edir. Rusiyanın separatçılara verdiyi dəstək kimi Kiyev də Vaşinqtondan ya da Qərbdən dəstək gözləyir. Lakin Kremlin əksinə Kiyevə ancaq siyasi və diplomatik dəstək verilir. Bu təbii olaraq Ukraynın real dəstək ala biləcəyi alternativ ölkələr axtarmasına gətirib çıxardı.
Türkiyənin Ukraynaya son model "Bayraktar" PUA-larını verməsi mövcud PUA-ları modifikasiya etməsi, Ukrayna hərbiçilərinə təlimlər keçməsi Kiyevi tam məmnun edir. Mövcud Ukrayna-Türkiyə münasibətlərini Kiyevin Ankaranın təsir dairəsinə düşməsi kimi görən ABŞ və Rusiya isə buna qarşı ortaq hərəkət edir. Yəni ABŞ qoşunlarının Yunanıstan, Bolqarıstan, Rumıniyaya yerləşdirilməsi, Qara dənizdə təlimlərin keçirilməsinə Kremlin səssiz qalması düşünürəm ki, bundan irəli gəlir.
Turan Rzayev
Sfera.az






