Logo

“Lavrovun bu bənzətməsi doğru deyil...” – ŞƏRH

“Lavrovun bu bənzətməsi doğru deyil...” – ŞƏRH
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Lavrovun Türkiyə ilə Belarus arasında müqayisə aparması yersiz və mənasızdır. O qeyd edir ki, Avropa İttifaqı necə ki, miqrantlarla bağlı Türkiyəyə maliyyə ayırmışdı, eləcə də Brüssel zəhmət çəksin Belarusa maliyyə ayırsın. Miqrant məsələsi iki ölkə üçün də aktual olsa da situasiya tam fərqlidir”.

Bu sözləri Sfera.az-a açıqlamasında "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Rusiya xarici işlər naziri Sergey Lavrovun son mətbuat konfransında Türkiyə ilə Belarus arasında uğursuz müqayisə aparmasını şərh edərkən deyib.

Politoloq qeyd edib ki, Suriyadan Türkiyəyə axın edən və oradan Avropaya miqrasiya etmək istəyənlərin sayı yüzminlərlə idi:

"Avropa İttifaqı Türkiyəyə maliyyə ayırmalıydı ki, Ankara miqrantları öz ərazisində saxlasın. Buna baxmayaraq, Brüssel Ankaraya vəd etdiyi maliyyənin cüzi hissəsini təqdim etdi.

Türkiyəyə miqrantlar təbii yolla gəlmişdilər və Türkiyə üzərindən Yunanıstana, oradan da Almaniyaya və Böyük Britaniyaya köçmək istəyirdilər. Yaxın Şərqdən olan miqrantlar isə uzaq Belarusa məqsədyönlü şəkildə gətiriliblər. Bu Moskva ilə Minskin birgə planı olub. Belarusdan Yaxın Şərqin bəzi ölkələrinə təyyarə reysləri artırılmış, miqrantlar Minskə gətirilmiş və sonra avtobuslarla Polşa sərhədinə çatdırılmışlar”.

Politoloqun sözlərinə görə, Moskva və Minsk Brüsselin sanksiyalarına görə Avropa İttifaqına miqrant problemi yaratmaqla intiqam almağa çalışırlar:

"Bir neçə min miqrant Belarus-Polşa sərhədinə ilişib. Soyuqdan donan miqrantlar siyasi alət vasitəsinə çevriliblər. Polşa sərhədi açmasa və miqrantlar qış aylarında ağır şəraitdə yaşamaqda davam etsələr,bu Avropa İttifaqının imicinə zərbə vuracaq. O biri tərəfdən miqrantlar Polşaya keçə bilməsələr, bu Belarusun problemini artıracaq, çünki miqrantlar Belarus ərazisində ilişib qalacaqlar və Minsk onları ərzaqla, qalacaq yerlərlə təmin etmək məcburiyyətində qalacaq. Əslində Avropa sərhəddəki bir neçə min miqrantı qəbul edə bilər, sadəcə Brüsseldən qorxurlar ki, bundan sonra Belarusdan gələn axının qarşısını ala bilməyəcəklər”.

Turan Rzayev

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR