"Rəsmi Tehran Azərbaycanla şantaj dilində danışmağın anlamsızlığını dərk etdi” - Deputat
"Rəsmi Tehran indiki mərhələdə Azərbaycanla şantaj dilində danışmağın anlamsızlığını dərk edib”.
Sfera.az bildirir ki, bunu deputat Sahib Alıyev İranın yükdaşıyanlarını Ermənistan üzərindən Laçına və Qarabağa getməməklə bağlı təlimatlandırması haqqında danışarkən deyib.
Millət vəkili qeyd edib ki, Azərbaycanın izni olmadan Ermənistan üzərindən Qarabağa "yük” daşıyan iki iranlı sürücünün hansı səbəbdən həbsdən buraxılması, onlarla sürücü içindən məhz həmən iki nəfərin saxlanılması haqda heç bir açıqlamanın verilməməsi isə, rəsmi Bakının İranla gərginlikdə qətiyyən maraqlı olmadığını təsdiq edir:
"Burada qonşu ölkədə milyonlarla soydaşımızın varlığı faktoru da az rol oynamır. Təəssüf ki, Azərbaycana yanaşmada da "vilayəti-fəqih” fəlsəfəsindən çıxış edildikcə, bu gərginlik qalacaq və zaman-zaman artacaq da. Aydındır ki, "vilayəti-fəqih” anlayışı molla rejiminin əbədiliyini təmin etmək məqsədi daşıyan, yumşaq desək, ideoloji bir platformadır. Onu işləyib-hazırlayanlar anlamalıdırlar ki, Azərbaycan Livan, İraq və Yəmən deyil, istəkləri burada keçməyəcək. Təkcə ona görə yox ki, burada oturuşmuş sekulyar bir dövlət var. Həm də ona görə ki, biz Arazın o tayındakı milyonlarla soydaşımızın necə və nədən əziyyət çəkdiklərini yaxşı görürük. Göz isə gördüyündən qorxar”.
S.Alıyev bildirib ki, Qarabağda və Şərqi Zəngəzurda məscidlərimizin altını üstünə çevirib, içində heyvan saxlayanlarla az qala ağız-ağıza öpüşən "ayətullah”lar bizə necə yaşamalı olduğumuzla bağlı yol göstərə bilməz:
"Ümumiyyətlə, bizim buradakı bəzi din təmsilçiləriylə irandakılar arasında müqəllid-müctəhid bağlantısına son qoyulmalıdır! Bir İslam ölkəsindəki dini mərkəz, başqa birindəki dini mərkəzdən asılı ola bilməz. Biz hazırda diqqəti məhz buna yönəltməli, Azərbaycandan da çox, digər ölkələrdəki soydaşlarımızı dinə xidmət adı altında casusluğa, terrora və digər zərərli əməllərə cəlb edilmələrinin qarşısını almalıyıq. Həm də təkcə dövlət deyil, cəmiyyət olaraq da bu yöndə əlimizdən gələni əsirgəməməliyik. Unutmamalıyıq ki, vahabilər, FETÖ-çülərdən də təhlükəli olan dini şəbəkə müqəllid-müctəhid bağlantısı üzərində qurulan şəbəkədir. O, Azərbaycanda dağıdılmalıdır. Ümid edirəm ki, dağıdılacaq da”.
Günay Rəsulqızı
Sfera.az






