"Bu baş verərsə, Türkiyənin Azərbaycanda hərbi baza yerləşdirməsi qaçılmaz olacaq” - Baqdasarovun açıqlamasına REAKSİYA
Rusiya Dövlət Dumasının keçmiş deputatı, Rusiya Silahlı Qüvvələrinin polkovniki Semyon Baqdasarov son açıqlaması ilə diqqət çəkib.
O, "Ərdoğanın açıqlamasından sonra Türkiyənin Ermənistana hücumu istisna edilmir. Ermənistan ordusu artıq üç ildir ki, yararsız vəziyyətdədir. Yalnız Ermənistanla sərhəddə yerləşən 3-cü Türkiyə ordusunun 150 min əsgəri var. 2 saatdan sonra İrəvana çatarlar. Ermənistan hakimiyyəti ilə "oyun oynamamalıyıq”. Aydın ultimatum verilməlidir. Rusiya və Ermənistanın vahid ordu və xarici siyasətlə vahid konfederal dövləti qurulmalıdır. Açıq demək lazımdır ki, ya belə olacaq, ya da Ermənistan türk vilayətinə çevriləcək. Başqa variant yoxdur” - deyə bildirib.
Sfera.az-ın məlumatına görə, bununla bağlı Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov bildirib ki, Baqdasarovun açıqlaması təsadüfi deyil:
"Rusiya 100 il əvvələ qayıtmaq istəyir. ABŞ və Rusiya arasında Avrasiyanın bölüşdürülməsinə start verilir. Belarus, Qazaxıstan və Ermənistanla yanaşı, Azərbaycan, Özbəkistan, Tacikistan və Qırğızıstan da həmin dairələrin planına aid ola bilər. Bütün bunlar Azərbaycan-Türkiyə arasında hərbi-siyasi alyansın gücləndirilməsini tələb edir. Əgər vəziyyət gərginləşərsə, Şuşa Bəyannaməsinə uyğun olaraq, Türkiyənin rəsmi şəkildə ölkəmizdə hərbi baza yerləşdirməsi qaçılmaz olacaq”.
Politoloqun sözlərinə görə, Azərbaycan prezidentinin Şuşa Bəyannaməsini Qars müqaviləsi ilə müqayisə etməsi də diqqət çəkir:
"Əgər Qars müqaviləsi ilə Naxçıvan itirilməkdən xilas oldusa, Şuşa Bəyannaməsi ilə Azərbaycan Rusiya və İranın bizimlə bağlı davranışlarında mühim çəkindirici amil olacaq. Baqdasarovun (Kremlin) istəyi hansı halda reallaşa bilər? İndiki halda Rusiya ilə vahid konfederal dövlətin yaradılması erməni cəmiyyətinin ciddi etirazına səbəb olar. Deməli, Ermənistan yox olma təhlükəsi ilə üzləşməlidir ki, hakimiyyət və cəmiyyət xilas yolunu "ümumi dövlətdə" görsün. Yox olma təhlükəsi qarşısında ermənilərin ümumi dövlətə razılıq verməsi - Qərbi Zəngəzurun Azərbaycana qayıtması fonunda reallaşa bilər.
Bu fonda bu günlərdə Britaniyanın NATO-dakı keçmiş nümayəndəsi Adam Tomson Baş nazir Boris Consona müraciət edib. Tomsonun sözünə görə, İngiltərə və NATO Alyansın Xəzərə çıxaracaq Zəngəzur dəhlizini dəstəkləməlidirlər. Bu istiqamətdə Ermənistanla Azərbaycan arasında ərazi mübadiləsi birinci üçün nə qədər çətin olsa da, həyata keçirilməlidir. Tomson ərazi mübadiləsi deyərkən Qərbi Zəngəzurun Azərbaycan ərazisinə qayıtmasını Boltondan istəyir”.
Günay Rəsulqızı
Sfera.az






