"Prezident İlham Əliyev faktlarla Tehranı yerinə oturtdu" - DEPUTAT
İki ölkə arasındakı münasibətlə bağlı deputat Bəhruz Məhərrəmov açıqlama verib.
Onun sözlərinə görə, İrandan yeganə istəyimiz mehriban qonşuluq münasibətlərinə uyğun davranış sərgiləməsidir:
"Azərbaycan İranla heç vaxt sərt ritorikanın tərəfdarı olmayıb. Siyasi gərginliyin hökm sürdüyü ilk gündən cənub qonşumuzndan yalnız bir tələbimiz olub ki, beynəlxalq hüququn prinsiplərinə, konkret olaraq ərazi bütövlüyümüzə hörmətlə yanaşsın və daxili işlərimizə qarışmasın. Bəs İranın reaksiyası nə oldu? Terrorçulara və separatçılara yük daşınmasını israrla davam etdirmək istədi. Nəticədə, Azərbaycandan sərt təpkilər aldı. Daha dəqiq desək, Prezident İlham Əliyev konkret faktlara əsaslanıb tutarlı formada Tehranı yerinə oturtdu.
Aydındır ki, İran ilk vaxtlar ötən əsrin 90-cı illərinin ab-havasında idi və Azərbaycanın imkanlarını düzgün qiymətləndirə bilməmişdi. Lakin Tehran sonradan həm reallığı, həm də öz daxilində mümkün gərginlik ehtimalını nəzərə almalı oldu.
Eyni zamanda, İran Azərbaycandakı "5-ci kolonu"na da güvənə bilməyəcəyini aydın sezdi. Üstəlik, Azərbaycanın hüquqa və beynəlxalq münasibətlərin prinsiplərinə əsaslanan hücum siyasətini gücləndirməsi İranı müdafiəyə çəkilməyə vadar etdi.
İndi bu ölkənin yük avtomobillərinin Laçın dəhlizindən keçməyini qadağan etməsi də bu fonda qiymətləndirilməlidir. Əlbəttə, xisləti dəyişməyəcək, amma gücümüz artıqca, İranın daha adekvat davranışlar sərgiləmək yolunu tutacağı, daha ehtiyatlı davranacağı aydındır. Bizim zatən İrandan yeganə istəyimiz mehriban qonşuluq münasibətlərinə uyğun davranış sərgiləməsidir".
(Sonxeber.az)






