Müdafiə Nazirliyindən sərt bəyanat
19:29 / 08.07.2016
2464
Ermənistanın kütləvi informasiya vasitələrinin iyulun 8-nə keçən gecə cəbhənin Ağdam istiqamətində guya Azərbaycan Silahlı Qüvvələri bölmələrinin təxribat hərəkəti barədə yaydığı məlumat həqiqətə uyğun deyil və dezinformasiya xarakteri daşıyır.
Bu barədə Sfera.az-a Azərbaycan
Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Nazirlikdən
bildirilib ki, Ermənistanda hökm sürən qeyri-sabit siyasi vəziyyətdən ölkə
ictimaiyyətinin fikrini yayındırmaq məqsədi güdən Ermənistan rəhbərliyi bu cür
dezinformasiya xarakterli məlumatları yaymaqla cəbhədəki vəziyyəti növbəti dəfə
gərginləşdirməyə cəhd göstərir: "Əvvəllər də bəyan etdiyimiz kimi, Azərbaycan
tərəfi atəşkəs rejiminə sadiq qalaraq yalnız düşmən təxribatının qarşısının
alınması tədbirlərini həyata keçirir".
Müdafiə
Nazirliyi bir daha bildirir ki, cəbhəboyu əməliyyat şəraiti Silahlı Qüvvələrimizin
tam nəzarəti altındadır, düşmənin ön xətdəki istənilən təxribatının qarşısı
bundan sonra da qətiyyətlə alınacaq: "Baş verə biləcək bütün hadisələrə
görə isə məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşəcək".