Logo

Çin daha bir ölkəyə XƏBƏRDARLIQ ETDİ: Sərhədə qoşun yığır

Çin daha bir ölkəyə XƏBƏRDARLIQ ETDİ: Sərhədə qoşun yığır
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Çinlə Hindistan arasında sərhəddə yenidən gərginlik artıb. Çin sərhədboyu silahlı qüvvələrinin sayını yenidən artırıb. Söhbət 3.5 kilometr sərhəddən gedir”.

Sfera.az bildirir ki, bunu "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib. O, Dehlinin cavab addımları haqqında düşündüyünü qeyd edib:

"Hindistan sərhədin Himalay dağlarını əhatə edən hissəsinə əlavə qüvvələr göndərib. Pekin iddia edib ki, Hindistan hərbçiləri sərhədin Çin hissəsinə keçiblər. Dehli bu iddiaları rədd edib. Bəzi ekspertlər son gərginliyi Əfqanıstandakı durumla əlaqələndirirlər. Məsələ burasındadır ki, Çin Əfqanıstanda hakimiyyəti ələ keçirən "Taliban”la sıx əlaqələrə malikdir. Hindistan isə əksinə, "Taliban” hərəkatını bölgə üçün təhlükə mənbəyi sayır. Dehlinin Əfqanıstanın dünyəvi hakimiyyəti ilə münasibətləri var idi, ancaq "Taliban” onları devirdi və bununla Hindistan-Əfqanıstan münasibətləri donduruldu. Beləliklə, Çin Hindistana qarşı mübarizədə "Taliban”ın simasında özünə yeni müttəfiq qazanmağa çalışır”.

Politoloqun sözlərinə görə, Çinin sərhəddə yenidən qüvvə toplaması həm də Hindistanın ABŞ-la sıx əlaqələr qurması ilə əlaqəlidir:

"Bu, Pekinin narazılığına səbəb olub. Bugünlərdə Vaşinqtonda ABŞ, Hindistan, Avstraliya və Yaponiya liderlərinin görüşü keçirildi. Bu dövlətlərin hər biri Çinin bölgədə artan rolundan narahat olduqlarından dördlü format əsasında əməkdaşlığa üstünlük veriblər. Çinin bu ölkələrdən təkcə Hindistanla quru sərhədi var. Ona görə də Çin Hindistanla sərhəddə qüvvələr toplamaqla həm bu ölkəyə, həm də Dehlinin tərəfdaşlarına xəbərdarlıq mesajı göndərdiyini düşünür.

Çin Hindistana qarşı hərbi həmlə həyata keçirərsə, Dehlinin müttəfiqləri kənarda qalmayacaqlar. Çin Hindistandakı səfiri Sun Veydun vasitəsilə Dehlini bu şəkildə xəbərdar edib:

"Hindistanın qonşulara qarşı formalaşan bloklardan kənarda qalması məsləhətdir”.

Aydındır ki, səfir Pekinin xəbərdarlığını Dehliyə çatdırıb. Ancaq Dehli tərəfdaşlarıyla formalaşdırdığı blokdan imtina etməyəcək”.

E.Şahinoğlu bildirib ki,  Çinlə uzunmüddətli gərginlik Hindistanın maraqlarına cavab vermir:

"Çünki pandemiyanın Hindistan iqtisadiyyatına vurduğu zərər də nəzərə alınarsa, sərhədin möhkəmləndirilməsinə və ora yeni qüvvələrin cəlb edilməsinə kifayət qədər maliyyə lazım gələcək. Çinin ümidi də bunadır ki, Hindistanın müdafiə xərcləri artacaq və iqtisadiyyatında ciddi problemlər yaranacaq. Ancaq Hindistan bütün risklərə rəğmən, Çinlə qarşıdurmadan çəkinmir”.

Günay Rəsulqızı

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR