Logo

Bakı Avropa İttifaqının vasitəçiliyinə tərəfdardır

Bakı Avropa İttifaqının vasitəçiliyinə tərəfdardır
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Prezident İlham Əliyev oktyabrın 6-da Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri Petr Mixalkonun etimadnaməsini qəbul edib.

Azərbaycanın Avropa İttifaqı üçün önəmli tərəfdaş olduğunu deyən Petr Mixalko Brüsselin Bakı ilə iqtisadiyyat, innovasiyalar, ticarət, enerji, investisiyalar, infrastruktur və əməkdaşlıq kimi mühüm sahələrdə güclü tərəfdaşlıq şəraitində birlikdə işləməyə hazır olduğunu bildirib.

Sfera.az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin sədri Elxan Şahinoğlu deyib.

Politoloq bildirib ki, Brüsselin Bakıdan daha bir gözləntisinin olduğunu düşünür:

"Avropa İttifaqı ilə Azərbaycan arasında hərtərəfli sazişin imzalanması Brüsselin əsas prioritetidir. Bunu Prezident İlham Əliyevlə görüşdə Petr Mixalko da vurğuladı. Avropa İttifaqının nümayəndəsi bildirdi ki, yeni saziş ikitərəfli əməkdaşlığın genişləndirilməsinə kömək edəcək, eyni zamanda, Azərbaycan iqtisadiyyatının daha da güclənməsinə xidmət edərək onun çiçəklənməsi və şaxələnməsini artıracaq.

Sazişin imzalanması xeyli uzanıb. Azərbaycandan başqa tərəfdaş ölkələr Avropa İttifaqı ilə assosiativ saziş imzalayıblar. Sazişin imzalanmasının uzanması Azərbaycanın maraqlarına cavab vermir, danışıqları intensivləşdirməyə ehtiyac var”.

Politoloqun sözlərinə görə, rəsmi Bakının Brüsseldən üç gözləntisi var:
 
"Birincisi, Azərbaycan Avropa İttifaqı ölkələrinə qaz nəqlini artırmaq istəyir. Bu Avropanın da maraqlarına uyğundur. Hazırda Avropa ölkələrinin bir çoxunda qazın qiyməti dəfələrlə artıb. Avropanın qaza tələbatı artıb. Brüsselin Avropanın əsas qaz təchizatçısı Rusiya ilə münasibətlərində problemləri var. Odur ki, bu şəraitdə Azərbaycanın Avropaya Cənub Qaz Dəhlizi vasitəsilə qaz nəqlini artırması hər iki tərəf üçün faydalıdır.
 
İkincisi, rəsmi Bakı Avropa İttifaqının yükdaşımalarında Azərbaycanın dəniz və quru yollarından istifadə etməsini istəyir. Avropa İttifaqının prezidenti Şarl Mişel Bakıya son səfəri zamanı nəqliyyat dəhlizləri ilə tanış olmuşdu. Azərbaycan nəqliyyat infrastrukturu şəbəkəsinin bütün vacib elementlərini tamamlayıb.
 
Üçüncüsü¸ rəsmi Bakı İkinci Qarabağ müharibəsindən sonra Avropa İttifaqının danışıqlarda fəal iştirakını arzulayır. "Əgər Avropa İttifaqı danışıqlarda fəal iştirak etsə bu, bir çox sahələrdə bizə kömək edə bilər” - deyə İlham Əliyev faktiki Brüsseli bölgədə sülh quruculuğunda iştirakına yaşıl işıq yandırıb.
 
Beləliklə, rəsmi Bakı Avropa İttifaqı ilə əlaqələri inkişaf etdirməyə hazırdır. Bu Azərbaycanın milli və təhlükəsizlik maraqlarına uyğundur. Rəsmi İrəvan da Ermənistana böyük maliyyə ayıran Brüsselin fəallığına etiraz etməz”.

Turan Rzayev

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR