“Azərbaycan Anım Günü vasitəsilə dünyaya mesaj verdi ki...” - Açıqlama
"Azərbaycan Anım Günü vasitəsilə bütün dünyaya bir daha göstərdi ki, müstəqiliyini və ərazi bütövlüyünü qorumaq gücünə malikdir”.
Bu sözləri Sfera.az-a açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə Azərbaycanda keçirilən Anım Gününün dünyaya verdiyi mesajı dəyərləndirərkən deyib: "Əsas mesaj o oldu ki, Azərbaycan xalqı heç zaman öz qəhrəmanlarını unutmayacaq. Yenə təkrarən bütün dünyadan tələb edirik ki, uşaq qatilləri, qadınları, yaşlı insanları, mülki əhalini öldürən hərbi cinayətkarlar beynəlxalq tribunala verilsin. Azərbaycan məhz qəhrəman oğullarının hesabına beynəlxalq təşkilatların üzərinə düşən öhdəliyi yerinə yetirdi. BMT-nin qətnamələrini, Minsk qrupunun işini məhz Azərbaycan igidləri həyata keçirdi. Bunun fonunda dünya beynəlxalq hüquq normalarına riayət etməlidir”.
Deputat Anar İsgəndərovun fikrincə, şəhidlərin anılması həm də o deməkdir ki, qələbə qazanan, torpaqları işğaldan azad edən və şəhid olan əsgərlərimiz heç zaman unudulmayacaq:
"Anım Günündə dövlət başçısının müraciəti Azərbaycan xalqı ilə yanaşı həm də dünyaya yönəlik mesaj idi. 30 il ərzində Azərbaycana dünya təlqin edirdi ki, problemin hərbi yolla həlli yoxdur. Bu illər ərzində ATƏT-in Minsk qrupu məsələyə ikili standartdan yanaşıb. Nəhayət 30 ildən sonra Azərbaycan xalqı ayağa qalxaraq, problemi özü həll etdi. Bu qələbə nəticəsində Cənubi Qafqazın coğrafi vəziyyəti xeyli dəyişdi”.
A. İsgəndərovun fikrincə, Anım Günü ilə Azərbaycan bir daha dünyaya göstərdi ki, "dəmir yumruq” hər zaman hazır vəziyyətdədir:
"Dünya dövlətləri Azərbaycanın hərb tarixinə gətirdiyi yenilikləri öyrənməyə başlayıb. Azərbaycan 44 günlük müharibə dövründə hərb tarixinə yenilik gətirib. 20-22 yaşlı əsgər hücuma keçəndə komandirini özündən öndə görürdü”.Rüfət Sultan






