“Ölkədə çoxpartiyalı sistemin inkişafı üçün əsaslı işlər görülür” - Politoloq
"Son bir neçə il ərzində Prezident İlham Əliyev ölkədə siyasi islahatlar prosesini daha da dərinləşdirib. Bu islahatlardan biri də siyasi partiyalarla aparılan işlərdir. Bu gün ölkədə bu sahədə əsaslı işlər görülür. Xüsusilə çoxpartiyalı siyasi sistemin inkişaf etdirilməsi və bu zəmin üzrə yeni konfiqurasiyanın formalaşdırılması əsas prioritet məsələ hesab edilir”.
Bu sözləri Sfera.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.
Onun sözlərinə görə, Prezident Administrasiyası nəzdində yaradılan siyasi partiyalar və qanunvericilik məclisi ilə iş şöbəsi xüsusilə ölkənin ictimai-siyasi həyatında canlanma yaradıb:
"Həmin şöbənin fəaliyyəti nəticəsində son illər ölkədə fəaliyyət göstərən bir sıra siyasi partiyalar ilə təmaslar həyata keçirilib. Həmin təmaslar nəticəsində ölkədəki siyasi partiyaların son vəziyyəti dəyərləndirilib, onların istəkləri barədə müfəssəl bir yanaşma hazırlanıb. Həmin yanaşma nəticəsində qeydiyyatdan keçməyən 22 partiyanın qeydiyyata alınması qaydaya salınıb. Bundan başqa, bir sıra siyasi partiyalara qurultay keçirmələri, partiya iclaslarını keçirə bilmələri üçün mənzil qərargahları təmin edilmişdir. Nəticə etibarilə ölkədə 29 siyasi partiya dövlət qeydiyyatından keçib, 22 siyasi partiyaya isə çox cüzi qiymətlərlə mənsizl qərargahlar ayrılıb. Bütün bunlar ölkədə milli həmrəyliyin, siyasi dialoqun yaranması üçün yaxşı bir zəmin yaradıb”.
Q.Hüseynlinin sözlərinə görə, ölkədə yaradılan siyasi plüralizmin məntiqi nəticəsi özünü 44 günlük vətən müharibəsi zamanı bariz şəkildə göstərdi:
"Ölkədə fəaliyyət göstərən 45 siyasi partiya vətən müharibəsi dövründə vacib işlər gördü. Belə ki, həmin partiyalar 8 birgə bəyanat, 2 birgə müraciət hazırlayaraq bir çox beynəlxalq təşkilata göndərib. Bundan başqa, ölkəmiz haqq işində vahid bir mövqedən çıxış etmişdir. Azərbaycanın vətən müharibəsində qələbə qazanmasından sonra ölkədə yeni siyasi reallığın şahidi oluruq. Bu da öz növbəsində ölkədə siyasi partiyalar ilə aparılan işin məzmun baxımdan dəyişdirilməsinə yardım edir.
Qeyd etmək lazımdır ki, bu gün ölkədə siyasi partiyalar daha azad hərəkət edir, rahatlıqla fikirlərini səsləndirə bilirlər. Bu gün həmin partiyaların informasiya vasitələrinə çıxış imkanları da rahatlaşıb. Xüsusilə daha çox izləyiciyə sahib olan sosial şəbəkə kanallarına dəvət edilən partiya rəhbərləri nümayəndələri geniş auditoriyalara fikirlərini çatdıra bilirlər. Bu partiyalar həm də siyasi proqramlarına uyğun olaraq ölkənin ictimai-siyasi proseslərinə təkliflərini verirlər”.Politoloqun sözlərinə görə, siyasi partiyalarla vaxtaşırı keçirilən görüşlər ölkəmizdə çoxpartiyalı sistemin günü-gündən inkişaf etməsinə gətirib çıxarır:
"Sentyabrın 9-da Prezident Aparatının siyasi partiyalar və qanunvericilik orqanları ilə iş izrə müdiri Ədalət Vəliyevin ölkədə fəaliyyət göstərən 45 siyasi partiya ilə apardığı onlayn görüş səmərəli oldu. Bu görüş zamanı ətraflı fikir mübadiləsi aparılaraq iqtidar müxalifət dialoqunun daha sağlam zəmin üzrə oturdulması bu dialoqun forma və metodlarının təkmilləşdirilməsi haqqında geniş fikir mübadiləsi aparıldı. Güman edirəm bu kimi görüşlərin keçirilməsi ölkədə siyasi plüralizmin inkişaf etdirilməsinə, çoxpartiyalı sistemin inkişafı üçün əsas yaradır”.
Turan Rzayev






