Logo

Türkiyənin Azərbaycanda hərbi bazası? - "Ordudakı təyinatlar Ankara ilə razılaşdırılır"

Türkiyənin Azərbaycanda hərbi bazası? - "Ordudakı təyinatlar Ankara ilə razılaşdırılır"
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Azərbaycanda Türkiyənin hərbi bazası varmı və ya olmalıdırmı? Bu sual ətrafındakı müzakirələrdə fərqli fikirlərin şahidi oluruq, ancaq proseslərin gedişatını bir-birilə əlaqələndirəndə müəyyən məntiqi nəticəyə gələ bilərik".

Bu sözləri Sfera.az-a açıqlamasında siyasət yazarı Aqşin Kərimov deyib. A.Kərimov Azərbaycanda digər ölkələrin hərbi bazasının olması məsələsinə də diqqət çəkib:

"44 günlük Vətən müharibəsi dövründə Türkiyənin yüksək manevr qabiliyyətlərinə malik F-16 qırıcı təyyarələri Azərbaycanda qalmışdı, Ankara bununla Bakıya yüksək səviyyəli hərbi jets nümayiş etdirməklə mənəvi dəstəyini göz önünə sərirdi. Azərbaycanda Türkiyənin bazasının mənəvi təməli məhz F-16-larla qoyulmuşdu, qırıcılar həmin təməli möhkəmləndirirdi. İndi isə mənəvi təməllər üzərində güclü sütun qurulmasının şahidi oluruq, hərçənd ki, bunun komponentləri zamanla ictimaiyyətə açıqlanır.

Həmin məqamları qeyd etməzdən öncə "Azərbaycanda xarici ölkənin hərbi bazası ola bilərmi” sualına hüquqi əsaslarla cavab tapmağa çalışaq. Çox zaman bu mövzu müzakirələrin episentrinə gətirilərkən bəzi ekspert və deputatlar bunun mümkünsüzlüyünü vurğulayır, mövqelərini əsaslandırarkən Azərbaycanın Qoşulmama Hərəkatına üzvlüyünü arqument gətirirlər. Bu, anlayışların qarışdırılmasından irəli gəlir, Qoşulmama Hərəkatının prinsiplərində üzv ölkələrin hərbi bloklara qoşulmaması məsələsi önə sürülür, xarici ölkə bazasının yaradılması isə fərqli anlayışdır. Fikirlərimizi möhkəmləndirmək üçün Azərbaycanın 2010-cu ildə təsdiqlədiyi Hərbi Doktrinaya nəzər yetirək.Orada bildirilir ki, hərbi-siyasi şəraitdə əsaslı dəyişikliklər baş verdiyi təqdirdə, Azərbaycan öz ərazisində xarici hərbi bazaların yerləşdirilməsinə, yaxud digər formada xarici hərbi iştirakın yer almasına müvəqqəti icazə vermək hüququnu özündə saxlayır. Yəni qısa desək, Azərbaycanda xarici hərbi baza yaradıla bilər. Əgər Azərbaycan belə qərarları verərkən müttəfiqlik münasibətlərinin xarakterinə nəzər salar və təbii ki, ən yaxın müttəfiqi Türkiyəyə üstünlük verər".

Ekspert açıq mənbələrdə Türkiyənin Azərbaycanda  hərbi bazasının olmadığını qeyd edib:

"Açıq mənbələrdə Türkiyənin Azərbaycanda hərbi bazasının olmasına dair məlumatlar yoxdur, hərçənd ki, bazanın ilkin təzahürlərini müşahidə edirik. Lakin qəti və aydın məsələdir ki, Ankara Azərbaycanda hərbi iştirakını artırır. Ankara 10 noyabr üçtərəfli bəyanatın tərəfi olmasa da, öz maraqlarını bu sənədə daşıya bilib, məhz bunun nəticəsində Birgə Monitorinq Mərkəzində təmsil olunur. Sentyabrın 9-da isə Azərbaycan mətbuatında çıxan xəbərlərdən aydın oldu ki, Azərbaycanda Türkiyənin Xidmət Qrupu Komandanlığı fəaliyyət göstərir. Türkiyə Quru Qoşunlarının əməliyyat üzrə rəisi, general-mayor Bəxtiyar Ersay Azərbaycanda Xidmət Qrupu Komandanlığına təyin edilməklə Türkiyə Baş Qərargahının əmrinə verilib.General Abdulla Qatırçı da Azərbaycan Xidmət Qrupu Komandanlığının Birgə Mərkəz Komandanlığına təyin edilməklə Egey Ordu Komandanlığına təyinat alıb. A. Qatırçı həm də Ağdamda fəaliyyət göstərən Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzində türkiyəli şəxsi heyətə rəhbərlik edir. General Ender Güner Azərbaycan Xidmət Qrupu Komandanlığının qərargah rəisi təyin edilib.Bununla yanaşı, Türkiyə Silahlı Qüvvələrinin Bakıdakı hərbi atteşesi də dəyişib. Yeni hərbi atteşe general Zəkəriyyə Yalçın təyin olunub"

A.Kərimov Türkiyənin Cənubi Qafqazda hərbi aktivliyini artıracağını diqqətə çatdırıb:

"Proseslərdən proqnozlaşdırmaq mümkündür ki, Türkiyə Cənubi Qafqazda hərbi aktivliyini artıracaq, bu isə Ankaranın Bakı ilə müttəfiqlik münasibətlərini daha da dərinləşdirməsindən keçir. Bu arada, Laçında keçirilən birgə təlim Qarabağda Rusiya sülhməramlılarının nəzarət zonasında qalan erməni hərbi birliklərində də çatın dərinləşməsinə gətirib çıxarıb. İndidən separatçıların "rəsmi” şəxsləri əl-ayağa düşüblər və gələcəkdə özləri üçün "faciə” gətirəcək məsələlərə görə məsuliyyətləri boyunlarından atırlar. Quldur tör-töküntülərin özlərindən qondarma müdafiə naziri düzəltdikləri Mikael Arzumanyan istefa ərizəsini yazaraq onu "rəhbəri” Araik Arutyunyana təqdim edib. Niyə indi? Çünki o, necə deyərlər it kimi qorxur və indidən məsuliyyət zonasından çıxmaq üçün çalışır. Axı onlar Azərbaycan ordusu qarşısında nə edə bilərlər? Heç nə...".

Əzizə Zeynal

Sfera.az
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR